Azərbaycan musiqisi tarixdən gələn möhtəşəm səs
Şou-biznes
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Milli Musiqi Günü ilə əlaqədar “Azərbaycan musiqisi tarixdən gələn möhtəşəm səs” adlı biblioqrafik icmal və ənənəvi kitab sərgisi hazırlanıb.
Kitabxanadan Expressxəbərlər.az-a bildirilib ki, materialda Milli Musiqi Gününün tarixi, bu günün təsis edilməsi haqqında qəbul edilən rəsmi sənədlərin tam mətni təqdim olunub.
Materialda Ümummilli Lider Heydər Əliyevin, Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın bəstəkar, musiqişünas-alim, pedaqoq, ictimai xadim Üzeyir Hacıbəyli haqqında söylədikləri dəyərli fikirlər yer alıb. Bu vəsaitdə ədəbiyyatşünas, filologiya elmləri doktoru Elnarə Akimovanın “Üzeyir və Müslüm – şöhrəti sabahlarda yaşayan iki dahi”, kulturologiya üzrə fəlsəfə doktoru, dosent Yeganə Əliyevanın “Milli musiqimizin tar ensiklopediyası”, Əməkdar jurnalist Əli Nəcəfxanlının “Milli musiqimizin atası” adlı məqalələrinin tam mətni də təqdim edilir. Biblioqrafik icmalda “Heydər Əliyev və Azərbaycan incəsənəti”, “Musiqi Nizami “Xəmsə”sinin səhifələrində”, “Şuşa – Azərbaycanın musiqi qalasıdır”, “Azərbaycan rəqs musiqisi: ifaçılıq xüsusiyyətləri və tədrisi”, “Üzeyir Hacıbəylinin yaradıcılığında xor musiqisi”, “XX əsr Azərbaycan musiqisi: tarix və zamanla üz-üzə” kimi otuzdan çox kitabın biblioqrafik təsviri, qısa annotasiyası və dövri mətbuat materiallarının siyahısı verilib.
“18 Sentyabr – Milli Musiqi Günü” adlı ənənəvi kitab sərgisində Azərbaycanın qədim musiqi tarixi, görkəmli bəstəkarların həyat və yaradıcılığı, muğam, aşıq sənəti, musiqi çalğı alətləri haqqında kitablar sərgilənib.
Respublika Gənclər Kitabxanasının əməkdaşları tərəfindən 18 Sentyabr – Milli Musiqi Günü ilə əlaqədar hazırlanan biblioqrafik icmal kitabxananın rəsmi saytında yerləşdirilib.

