Medvedev: Xarici aktivlərin müvəqqəti idarə olunmasından kənara çıxmalıyıq
Gündəm
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev ölkədəki xarici şirkətlərin aktivləri ilə bağlı daha sərt addımların atılmasını təklif edib.
Expressxeberler.az xəbər verir ki, Medvedev Avropanın Rusiyaya qarşı genişmiqyaslı sanksiyalar tətbiq etdiyini, Rusiya biznesinin və vətəndaşlarının maraqlarına zərbə vurulduğunu bildirib.
O, Rusiya şirkətlərinə qarşı məhdudiyyətlər tətbiq edildiyi halda, Avropa şirkətlərinin Rusiyadakı aktivlərinin qorunmasına münasibətin fərqli olduğunu deyib.
Medvedev Nestlé və Auchan kimi şirkətlərin Rusiyadakı fəaliyyətini nümunə göstərərək xarici aktivlərin müvəqqəti idarə olunması praktikasının daha da genişləndirilməsinin vacibliyini vurğulayıb.
“İdeal olaraq, xarici aktivlərin müvəqqəti idarə edilməsindən kənara çıxmalıyıq”, – deyə o, MAX platformasında yazıb.
Rusiya rəsmisi bununla yanaşı, Sovet hakimiyyətinin ilk illərində xarici müəssisələrin dövlət mülkiyyətinə keçirilməsi təcrübəsini də xatırladıb.
Qeyd edək ki, daha əvvəl Nestlé-nin Rusiyadakı aktivlərinin L.E.V. Management şirkətinin müvəqqəti idarəçiliyinə verildiyi açıqlanmışdı.
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov isə Auchan və Nestlé-nin Rusiyadakı aktivləri ilə bağlı hazırda yalnız xarici idarəetmənin tətbiqinin müzakirə edildiyini bildirib. İsveçrə tərəfi də Nestlé-nin Rusiyadakı aktivlərinin müvəqqəti idarəçiliyə verilməsi ilə bağlı narahatlığını ifadə edib.

