Tahir Gözel: “Qarabağ” təkcə klub deyil, gələcək nəsillərə mirasdır
Cəmiyyət
Expressxeberler.az xəbər verir ki, “Qarabağ” Futbol Klubunun prezidenti Tahir Gözel klubun keçdiyi inkişaf yolu və gələcək hədəflərindən danışıb.
O bildirib ki, klub hazır sistemə daxil olmayıb, mövcud idarəetmə və inkişaf modelini illər ərzində özü formalaşdırıb:
“Biz hazır sistemə daxil olmamışıq, həmin sistemi özümüz qurmuşuq”.
Tahir Gözel qeyd edib ki, “Qarabağ”ın əsas uğurlarından biri klubun öz futbol fəlsəfəsini, idarəetmə mədəniyyətini, transfer yanaşmasını və dəyərlərini formalaşdırmasıdır.
Klub rəhbəri baş məşqçi Qurban Qurbanovla 2008-ci ildən davam edən əməkdaşlığın sabitlik və qarşılıqlı etimada əsaslandığını vurğulayıb.
Avropa yarışlarındakı uğurlara da toxunan Gözel “Qarabağ”ın Çempionlar Liqasındakı çıxışını mühüm təcrübə kimi qiymətləndirib. Transfer siyasətində isə komandanın daxili balansının və maliyyə intizamının qorunmasının əsas prinsiplərdən olduğunu bildirib.
Akademiyanın inkişafı və məşqçi heyətinin peşəkarlığının artırılmasının da prioritet olduğunu deyən Tahir Gözel fikirlərini belə yekunlaşdırıb:
“Bizim qurmağa çalışdığımız “Qarabağ” yalnız bugünkü komanda deyil, “Qarabağ” gələcək nəsillərə qalacaq bir mirasdır”.



