“Döyüş meydanında bir-birimizə arxa olduq” – Antiterror iştirakçısından duyğulandıran sözlər
Gündəm
Expressxeberler.az xəbər verir ki, 44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrında keçirilən lokal xarakterli antiterror tədbirləri Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası ilə nəticələnən tarixi prosesin mühüm mərhələləri olub.
Həmin döyüşlərdə Azərbaycan Ordusu ilə yanaşı, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının şəxsi heyəti də qarşıya qoyulan tapşırıqların icrasında iştirak edib.
Bu tarixi hadisələrin iştirakçılarından biri Daxili Qoşunların baş çavuşu Rzaqulu Qurbanovdur. O, həm Vətən müharibəsində, həm də 2023-cü ilin sentyabrında keçirilən antiterror tədbirlərində iştirak edib.
2014-cü ildə müddətli həqiqi hərbi xidmətə başlayan Rzaqulu Qurbanov 2016-cı ildən Daxili Qoşunlarda xidmətini davam etdirir. Hazırda xüsusi təyinatlı bölmələrdən birində pulemyotçu kimi xidmət edən baş çavuş döyüş hazırlığı, intizam və peşəkarlığı ilə seçilir.
Rzaqulu Qurbanov pulemyotçu kimi xidmətin böyük məsuliyyət tələb etdiyini bildirib:
“Pulemyotçu olmaq yalnız silahdan istifadə bacarığı deyil. Bu vəzifə soyuqqanlılıq, dözümlülük və silahdaşlarına güvənməyi tələb edir. Döyüş meydanında hər bir saniyənin və qərarın əhəmiyyəti var”.
O, döyüşlər zamanı silahdaşlar arasındakı birlik və qarşılıqlı etimadın mühüm rol oynadığını vurğulayıb:
“Döyüş meydanında yanındakı silahdaşına güvənmək çox vacibdir. Hər kəs bir-birinin arxasında dayanır. Vətən müharibəsində də, antiterror əməliyyatında da bu birlik bizim ən böyük gücümüz idi”.
Xidmət fəaliyyəti dövlət tərəfindən də qiymətləndirilən Rzaqulu Qurbanov “Füzulinin azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub.
Döyüş günlərini xatırlayan baş çavuş şəhid silahdaşlarının xatirəsini də xüsusi qeyd edib:
“Şəhid olan silahdaşlarımızı heç vaxt unutmuruq. Bu gün azad edilmiş torpaqlarda Azərbaycan bayrağının dalğalanmasını görəndə onların fədakarlığı yada düşür. Bizim borcumuz onların əmanət etdiyi bu Zəfəri qorumaqdır”.
Rzaqulu Qurbanov bildirib ki, Vətənə xidmət onun üçün yalnız peşə deyil:
“Vətənə xidmət mənim üçün sadəcə peşə deyil. Bu, böyük şərəf və məsuliyyətdir. Bizim vəzifəmiz dövlətimizin təhlükəsizliyini qorumaq, xalqımızın əmin-amanlığına xidmət etməkdir”.



