“Kurtlar Vadisi” istintaqa düşdü – 397 bölüm araşdırılacaq
Kriminal
Ssenaristlərin ifadəsi də ortaya çıxdı
Expressxeberler.az xəbər verir ki, Türkiyədə keçmiş MİT əməkdaşı Kaşif Kozinoğlunun 2011-ci ildə Silivri həbsxanasında ölümü ilə bağlı yenidən başladılan istintaq çərçivəsində “Kurtlar Vadisi” və “Kurtlar Vadisi Pusu” seriallarının ümumilikdə 397 bölümünün ekspertiza olunması qərara alınıb.
İstintaq çərçivəsində serialın ssenaristləri Raci Şaşmaz, Bahadır Özdener və Cüneyt Aysan da “məlumat sahibi” qismində ifadə veriblər.
Ssenaristlərə “Kazım Kaşifoğlu” obrazının necə yaradıldığı, Kozinoğlu ilə bağlı hər hansı məlumatdan istifadə edib-etmədikləri və onlara kənardan ssenari ilə bağlı yönləndirmə verilib-verilmədiyi barədə suallar ünvanlanıb.
İfadələrində hər hansı şəxs və ya qurum tərəfindən onlara ssenari dayatmasının olmadığını bildirən ssenaristlər mətnin təbii şəkildə inkişaf etdiyini, Kozinoğlu ilə bağlı oxşarlığın təsadüfən yarandığını və heç bir qəsdin olmadığını deyiblər.
Bununla belə, istintaq çərçivəsində serialın ilk 97 və “Kurtlar Vadisi Pusu”nun 300 bölümünün araşdırılması nəzərdə tutulur. Ssenari, personajlar, dialoqlar və səhnələrin dosyedəki iddialarla əlaqəsi ekspertlər tərəfindən qiymətləndiriləcək.
Xüsusi diqqət “Kazım Kaşifoğlu” obrazına, həmçinin bəzi səhnələrdəki mümkün gizli mesaj və təşkilati yönləndirmə iddialarına yönəldiləcək.
Qeyd edək ki, bu ekspertiza hazırda hər hansı əlaqənin və ya cinayətin təsdiqi demək deyil. Araşdırma istintaq çərçivəsində irəli sürülən iddiaların yoxlanılması məqsədi daşıyır.



