İnəkdən sağılaraq balalarına içirdilən süd də uçota alınacaq – YENİ QƏRAR
Gündəm
Expressxeberler.az xəbər verir ki, Azərbaycanda kənd təsərrüfatı təsərrüfatlarında istehsal olunan süd və yumurtanın ümumi miqdarı yeni qaydalarla hesablanacaq. Dəyişikliklər 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək.
Yeni qaydaya əsasən, illik süd istehsalı hesablanarkən yalnız satılan məhsul deyil, şəxsi istehlaka sərf edilən, natura şəklində dəyişdirilən, pay olaraq verilən və heyvanların balalarına içirdilən süd də nəzərə alınacaq. Təsərrüfat tərəfindən kənardan alınan süd isə istehsal göstəricisinə daxil edilməyəcək.
Yumurta istehsalında da oxşar yanaşma tətbiq olunacaq. Yumurtaların satılmasından, şəxsi istehlakdan, inkubasiyada və ya digər məqsədlərlə istifadə edilməsindən asılı olmayaraq, onların ümumi sayı uçota alınacaq.
İllik süd istehsalına dair dəqiq məlumat olmadıqda göstərici sağmal heyvanların sayı, gündəlik orta süd verimi və sağım dövrünün müddəti əsasında hesablanacaq.
Məsələn, təsərrüfatda üç sağmal inək saxlanılırsa, hər birindən gündə orta hesabla 8 litr süd əldə edilirsə və sağım dövrü 300 gün davam edirsə, illik istehsal 7 200 litr olaraq qeydə alınacaq.
Yumurta istehsalı isə yumurtlayan quşların sayı və orta yumurtlama göstəriciləri əsasında müəyyənləşdirilə bilər. Belə ki, 10 toyuqdan gündə orta hesabla 5 yumurta əldə edilərsə, illik istehsal 1 825 ədəd təşkil edəcək.
Yeni uçot qaydaları 2027-ci il yanvarın 1-dən tətbiq olunacaq.
#Expressxeberler.az #KəndTəsərrüfatı #Süd #Yumurta #Azərbaycan



