Bu şəxslərin elektrik xərclərinin yarısını dövlət ödəyəcək

IMG_6426 Gündəm
04:25

Sahibkarlara yeni dövlət dəstəyi: Elektrikə qoşulma xərclərinin yarısını dövlət ödəyəcək

Expressxeberler.az xəbər verir ki, Azərbaycanda sahibkarlığın inkişafını stimullaşdırmaq məqsədilə yeni dövlət dəstəyi mexanizmi tətbiq ediləcək. Belə ki, 2027–2030-cu illərdə sənaye və kənd təsərrüfatı obyektlərinin elektrik şəbəkəsinə qoşulma xərclərinin 50 faizi dövlət tərəfindən qarşılanacaq.

Yeni mexanizm xüsusilə biznes qurmaq və ya mövcud fəaliyyətini genişləndirmək istəyən sahibkarlar üçün əlavə maliyyə imkanları yaradacaq.

İqtisadçı Xalid Kərimli mövzu ilə bağlı bildirib ki, elektrik şəbəkəsinə qoşulma xərcləri mikro, kiçik və orta sahibkarlar üçün biznesə başlamaq yolunda ciddi maliyyə maneələrindən biridir.

Onun sözlərinə görə, bu xərclərin yarısının dövlət tərəfindən ödənilməsi sahibkarların ilkin investisiya yükünü azaldacaq, yeni müəssisələrin yaradılmasını və mövcud bizneslərin genişləndirilməsini asanlaşdıracaq.

İqtisadçı qeyd edib ki, sahibkarlıq xərclərinin azalması təkcə biznes sahibləri üçün deyil, əmək bazarı və istehlakçılar üçün də əhəmiyyətlidir. Çünki yeni müəssisələrin açılması əlavə iş yerlərinin yaradılmasına şərait yaradır.

X.Kərimlinin fikrincə, sahibkarların üzləşdiyi yüksək xərclər son nəticədə məhsul və xidmətlərin qiymətinə də təsir edir. Belə ki, biznes sahibləri çəkdikləri məsrəfləri məhsulun maya dəyərinə daxil etdikdə bu yük son istehlakçının üzərinə düşür.

İqtisadçı hesab edir ki, yalnız elektrik şəbəkəsinə qoşulma deyil, ümumilikdə sahibkarlıq fəaliyyətinin digər xərclərinin də azaldılması vacibdir. Onun sözlərinə görə, biznes qurmaq həddindən artıq bahalı və riskli prosesə çevrilməməli, sahibkarların qarşısında maliyyə maneələri minimuma endirilməlidir.

Qeyd edək ki, 2027–2030-cu illəri əhatə edən yeni mexanizmin iqtisadi təsiri dəstəkdən yararlana biləcək sahibkarların dairəsindən, tətbiq şərtlərindən və maliyyələşmə qaydasından asılı olacaq.

Hər gün Expressxeberler.az saytına daxil olaraq ölkədə və dünyada baş verən iqtisadi yenilikləri izləyin.

#Expressxeberler.az #İqtisadiyyat #Sahibkarlıq #Biznes

973 baxış
Paylaş: