Vətən müharibəsinin başlanmasından 6 il ötür

IMG_7398 Cəmiyyət
01:57 Expressxeberler.az

27 Sentyabr – Vətən müharibəsinin başlamasından 6 il ötür

Expressxeberler.az xəbər verir ki, bu gün Azərbaycanın Vətən müharibəsinə başlamasından 6 il ötür.

2020-ci il sentyabrın 27-də Ermənistanın hərbi təcavüzünə cavab olaraq Azərbaycan Ordusu Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əks-hücum əməliyyatına başlayıb.

44 gün davam edən Vətən müharibəsində Azərbaycan əsgər və zabitləri, eləcə də arxa cəbhədə xalqımız birlik və həmrəylik nümayiş etdirərək döyüş meydanında böyük müqavimət göstərib.

Müharibə Azərbaycanın hərbi üstünlüyü və ərazi bütövlüyünün bərpası ilə nəticələnib. Döyüşlər zamanı çoxsaylı hərbi qulluqçumuz şəhid olub, yaralanan və itkin düşənlər olub.

Müharibə dövründə Gəncə, Bərdə, Tərtər və digər yaşayış məntəqələri də raket və ağır artilleriya atəşinə tutulub. Nəticədə mülki əhali arasında ölən və yaralananlar olub, yaşayış evlərinə və infrastruktura ciddi ziyan dəyib.

Vətən müharibəsi zamanı Cəbrayıl, Füzuli, Zəngilan və Qubadlı rayonları, həmçinin Şuşa şəhəri daxil olmaqla bir sıra yaşayış məntəqələri azad edilib.

8 noyabr 2020-ci ildə Şuşanın azad edilməsi Azərbaycanın Zəfərinin mühüm mərhələlərindən biri olub.

2020-ci il noyabrın 10-da imzalanan üçtərəfli Bəyanatla hərbi əməliyyatların dayandırılması elan edilib. Sənədə əsasən Ağdam, Kəlbəcər və Laçın rayonları da Azərbaycana qaytarılıb.

27 sentyabr 2020-ci ildə başlayan proses sonrakı illərdə də davam edib. 2023-cü il sentyabrın 20-də həyata keçirilən lokal antiterror tədbirlərindən sonra Azərbaycanın dövlət suverenliyi tam bərpa olunub.

Prezident İlham Əliyevin 2 dekabr 2020-ci il tarixli Sərəncamı ilə sentyabrın 27-si Vətən müharibəsində şəhid olan hərbçilərin və bütün şəhidlərimizin xatirəsinə ehtiram əlaməti olaraq Anım Günü elan edilib.

Bu gün Vətən müharibəsində canından keçən bütün şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla yad olunur.

Allah bütün şəhidlərimizə rəhmət eləsin.

Expressxeberler.az olaraq şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edirik.

8 baxış
Bizim Telegram kanalımıza abunə olun ›
Paylaş: