Gənc qadın Bakı-Sumqayıt qatarlarından şikayətləndi: “İnsanlara hər gün zülm çəkdirirsiniz”

IMG_9465 Cəmiyyət
13:14 Expressxeberler.az

Bakı-Sumqayıt qatarlarında sıxlıq: sərnişin üsyan etdi – “İnsan kimi yaşamaq istəyirəm”

Expressxeberler.az xəbər verir ki, Bakı-Sumqayıt istiqamətində hərəkət edən qatarların sayının azaldılması sərnişinlər arasında narazılığa səbəb olub.

Sərnişinlərdən biri sosial şəbəkədə paylaşım edərək qatarların hərəkət cədvəlində edilən dəyişiklikdən narazılığını bildirib. Onun sözlərinə görə, iki qatarın bir qatarla əvəzlənməsi sərnişin sıxlığını artırıb və xüsusilə işdən çıxış saatlarında ciddi çətinlik yaranıb.

Qadın qeyd edib ki, işdən çıxdıqdan sonra bəzən bir saata yaxın qatar gözləməli olur. O, qatara minə bilib-bilməyəcəyindən və oturmağa yer tapıb-tapmayacağından narahat olduğunu bildirib.

Sərnişin qatarların sayının azaldılmasının səbəbini anlamadığını deyərək, yaranmış vəziyyətin qadınlar, uşaqlar və yaşlı sərnişinlər üçün də ciddi narahatlıq yaratdığını vurğulayıb.

“İnsanların işdən sonra bir-birinə basaraq getməsindən həzz alırsınız? Mən niyə hər səhər və axşam işə insan kimi getmək əvəzinə bu vəziyyətdə getməliyəm?” – deyə o bildirib.

Şikayətçi sonda əsas istəyinin sərnişinlərin rahat və normal şəraitdə daşınması olduğunu qeyd edib.

“Sadəcə tək bir şey istəyirəm, o da insan kimi yaşamaqdır. Bu qədər”, – deyə vətəndaş vurğulayıb.

Expressxeberler.az

277 baxış
Paylaş: