Aliment ödəmir, anamın halal evini də bizdən alır” – Türkan Gündüzün qızı
Kriminal
Qətlə yetirilən Türkan Gündüzün qızı atasından şikayətləndi: “Hər şeyin sübutu var”
Qətlə yetirilən Türkan Gündüzün qızı Həlimə miras mübahisəsi ilə bağlı açıqlama verib.
Expressxeberler.az xəbər verir ki, Həlimə atasının mirasdan tamamilə məhrum edilmədiyini bildirib. Onun sözlərinə görə, atasının anasından qalan mirasa münasibətdə ləyaqətsiz vərəsə hesab olunması tələbi ilə məhkəməyə müraciət edib. Birinci instansiya məhkəməsi iddianı təmin edib, apellyasiya instansiyası isə qərarı qüvvədə saxlayıb.
Həlimə valideynlərinin nikahından əvvəl alınan evin də bölünməsinə etiraz edib.
“Novxanıdakı mülk anamla atamın nikahından əvvəl alınıb. Nərimanov ərazisində də ev var. O, ləyaqətsiz vərəsə hesab edilsə də, hər iki evdə 50 faiz payı var. Qalan yarı hissə isə mən, balaca bacım, babam və nənəm arasında bölünüb. Bu, necə ola bilər?
Balaca bacım Sibel mənim qəyyumluğumdadır. Atam ona görə heç bir aliment ödəmir. Zərərçəkmişə görə 15 min manat ödəməlidir. Eyni zamanda aliment borcu da var. Uşağa mən baxıram, buna da imkan vermirlər.
Nərimanovdakı evi dolanışıq üçün kirayəyə vermişəm. Gündüzün birinci evlilikdən olan qızı Büşra Gündüz gəlib onları evdən çıxarmağa çalışır. İstanbulda təhsil alıram. Vəkillə Büşra evə gəlib, kamera görüntüləri də var.
Anam atamın çox əzablarına dözüb. Atam bizə dəfələrlə şiddət göstərib, balta ilə bizi hədələyib. Atamın Türkiyədə altıdan çox evi var. Onları da bizə yox, birinci nikahdan olan uşaqlarına verir.
Atam deyir ki, mirasa görə cinayət etməmişəm. Bəs ona görə etməmisənsə, niyə anamın evini qızına verirsən, öz övladına aliment və zərərçəkmişə görə ödənilməli pulu vermirsən? Universitetə olan borcumu da ödəmirsən. Hər şeyin sübutu var”, – deyə Həlimə bildirib.
Qeyd edək ki, Türkan Gündüz 2023-cü il mayın 7-də Abşeron rayonunun Novxanı qəsəbəsində qətlə yetirilib. Cinayətdə təqsirləndirilən Türkiyə vətəndaşı Muhammet Gündüz Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 17 il müddətinə azadlıqdan məhrum edilib.
‼️Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun



