Azərbaycanda “WhatsApp” istifadəçilərinə xəbərdarlıq edildi
Texnalogiya
Expressxeberler.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) məlumat yayıb. Agentlik vətəndaşları mümkün təhlükələrin qarşısını almaq üçün təxirəsalınmaz təhlükəsizlik tədbirləri görməyə çağırıb.
MKA istifadəçilərə hesablarının təhlükəsizliyini qorumaq üçün bir sıra vacib tövsiyələr verib.
İlk növbədə, tətbiqdəki “Bağlı cihazlar” bölməsinə daxil olaraq tanımadıqları bütün cihazlardan çıxış etmələri tövsiyə olunur. Hesab telefonda normal işləsə belə, kiberdələduzlar başqa cihaz vasitəsilə yazışmalara və hesaba çıxış əldə edə bilərlər.
İstifadəçilərə, həmçinin ikimərhələli təsdiqləməni aktivləşdirmək və hesabın bərpası üçün təhlükəsiz elektron poçt ünvanı əlavə etmək məsləhət görülür.
Agentlik SMS vasitəsilə göndərilən təsdiq kodlarının, cihaz bağlantısı kodlarının və təhlükəsizlik PIN-kodlarının heç kimlə paylaşılmamasının vacibliyini vurğulayıb. İstifadəçilər özləri başlatmadıqları giriş sorğularını da təsdiqləməməlidirlər.
Bundan başqa, “Hesabınız bağlanacaq”, “Biznes hesabınızı təsdiqləyin” və ya “Dəstək xidməti” adı ilə göndərilən şübhəli keçidlərə qarşı diqqətli olmaq tövsiyə edilir. QR-kodları yalnız etibarlı və rəsmi platformalar üzərindən skan etmək lazımdır.
MKA “WhatsApp” və “WhatsApp Business” tətbiqlərinin yalnız rəsmi tətbiq mağazalarından yüklənməsini, telefon və tətbiq yeniləmələrinin vaxtında həyata keçirilməsini də vacib hesab edir.
Biznes hesablarından istifadə edən şəxslərə isə hesaba bağlı cihazlara nəzarət etmək, yalnız səlahiyyətli əməkdaşlara giriş imkanı vermək və işdən ayrılan şəxslərin giriş hüquqlarını dərhal ləğv etmək tövsiyə olunub.
Hesaba müdaxilə şübhəsi yarandıqda naməlum cihazlardan dərhal çıxış edilməli, hesaba giriş itirildikdə isə telefon nömrəsi rəsmi tətbiqdə yenidən qeydiyyatdan keçirilməlidir. Eyni zamanda, əlaqələrə həmin şəxsin adından saxta mesajlar və pul tələbləri göndərilə biləcəyi barədə xəbərdarlıq edilməlidir.
Agentlik xüsusilə vurğulayır ki, ikimərhələli təsdiqləmənin aktivləşdirilməsi hesaba mövcud icazəsiz girişi avtomatik dayandırmır. Buna görə də “Bağlı cihazlar” bölməsinin yoxlanılması mütləqdir.
‼️Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun



