Ramiz Mehdiyev 14 il azadlıqdan məhrum edildi

IMG_1334 Cəmiyyət
21:12 Expressxeberler.az

Expressxeberler.az xəbər verir ki, hökm Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Murad Aslanovun sədrliyi ilə keçirilən prosesdə elan edilib.

Hökmdə qeyd olunub ki, Ramiz Mehdiyevin yaşı və mövcud xəstəlikləri ilə əlaqədar sağlamlıq vəziyyəti nəzərə alınaraq, Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən, ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzası şərti tətbiq edilib.

Qeyd edək ki, Ramiz Mehdiyev barəsində Dövlət Təhlükəsizliyi Xidmətində 2025-ci ilin oktyabrında cinayət işi başlanıb.

DTX-nin yaydığı məlumata görə, Azərbaycan vətəndaşları Ramiz Ənvər oğlu Mehdiyev, Abbas Aydın oğlu Abbasov və Əli Əmirhüseyn oğlu Kərimli xarici xüsusi xidmət orqanlarının Azərbaycanın təhlükəsizliyinə, milli maraq və mənafelərinə qarşı həyata keçirdikləri təxribat-pozuculuq fəaliyyətinin qarşısının alınması istiqamətində görülən kompleks tədbirlər nəticəsində saxlanılıblar.

Həmin cinayət işi çərçivəsində 2025-ci ilin noyabrında Prezident Administrasiyasının keçmiş əməkdaşı Eldar Əmirov da saxlanılıb.

İttihama əsasən, xarici ölkənin xüsusi xidmət orqanları Azərbaycandakı siyasi proseslərə müdaxilə etmək məqsədilə xaricdə yaradılmış, “Rusiya Azərbaycan Təşkilatları İttifaqı” adı altında qeydiyyatdan keçirilən və “Milyarderlər İttifaqı” kimi tanınan təşkilatın rəhbərləri Abbas Abbasov və Rüstəm İbrahimbəyov, eləcə də Ramiz Mehdiyev, Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli, partiya üzvləri Fuad Qəhrəmanlı, Qənimət Zayıdov və digər şəxslər dövlət hakimiyyətini zorla ələ keçirmək və ölkənin mövcud konstitusiya quruluşunu zorla dəyişdirmək barədə sövdələşməkdə ittiham olunublar.

İttiham materiallarında bildirilir ki, Ramiz Mehdiyev 2025-ci ilin avqust-sentyabr aylarında dövlət hakimiyyəti əleyhinə gizli planları və fəaliyyət istiqamətlərini əks etdirən “Dövlət idarəetmə sisteminin yenidən qurulması haqqında təkliflər” adlı yazılı material hazırlayıb. Xarici dildə tərtib edilən sənədin köməkçisi Eldar Əmirov və digər şəxslər vasitəsilə Əli Kərimliyə razılaşdırılması üçün təqdim edildiyi iddia olunur.

Daha sonra, 2025-ci il oktyabrın 3-də sənədin son redaktə edilmiş nüsxəsinin “Şərq-Qərb” ASC-nin əməkdaşları vasitəsilə göndərildiyi və bu göndərişin texniki vasitələrlə qeydə alındığı bildirilir.

Ramiz Mehdiyev həmin şəxslərlə əlbir olaraq xarici xüsusi xidmət orqanlarının köməyi ilə dövlət hakimiyyətini ələ keçirməyə və konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər etməkdə, həmçinin xarici dövlətin nümayəndələrinə Azərbaycanın dövlət təhlükəsizliyi maraqlarına zidd kömək göstərməklə dövlətə xəyanətdə ittiham olunur.

İttihamda, həmçinin Ramiz Mehdiyevin 2025-ci il oktyabrın 13-dək olan dövrdə cinayət yolu ilə əldə edilmiş 17 milyon manatdan artıq vəsaiti leqallaşdırdığı qeyd edilib.

Sözügedən əməllərlə bağlı ona Cinayət Məcəlləsinin 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması), 274-cü (dövlətə xəyanət) və 278.1-ci maddələri ilə ittiham irəli sürülüb.

‼️Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun

28 baxış
Paylaş: