Həkim göbələk sevənlərə XƏBƏRDARLIQ etdi – Bu hallara diqqət edin
Sosial
Göbələklər lif, antioksidantlar və B qrupu vitaminləri ilə zəngin, kalorisi az qida məhsullarındandır. Lakin onların istehlakı zamanı müəyyən məqamlara diqqət yetirmək lazımdır.
Expressxəbərlər.az xəbər verir ki, qastroenteroloq Yekaterina Kaşux RT-yə açıqlamasında göbələklərin həzm edilməsinin çətin ola biləcəyini bildirib.
Həkimin sözlərinə görə, göbələklərin tərkibində insan fermentləri tərəfindən zəif parçalanan xitin maddəsi var. Bu səbəbdən onların həzmi daha uzun çəkə bilər. Xüsusilə böyük porsiya qəbul edildikdə və ya göbələklər yaxşı çeynənmədikdə ağırlıq, şişkinlik və qarında narahatlıq yarana bilər.
Kaşux qeyd edib ki, göbələklərin təsiri onların növündən, hazırlanma üsulundan və insanın sağlamlıq vəziyyətindən asılıdır. Göbələk yeməkləri narahatlıq yaradırsa, onların tez-tez istehlakından çəkinmək tövsiyə olunur.
Ekspert həmçinin göbələklərin haradan əldə edilməsinə diqqət yetirməyə çağırıb. Göbələklər ağır metallar, radioaktiv maddələr və digər ətraf mühit çirkləndiricilərini toplaya bilər.
Bu səbəbdən göbələklərin etibarlı mənbələrdən alınması, magistral yolların və sənaye ərazilərinin yaxınlığında toplanan göbələklərdən istifadə edilməməsi tövsiyə olunur.



