Çardaqda 15 il unudulan kartlar təqaüdçünü MiLYONÇU etdi
Cəmiyyət
15 İL ÇARDAQDA SAXLADIĞI KARTLARI 3,6 MİLYON MANATA SATDI!
Expressxeberler.az xəbər verir ki, İngiltərənin Surri qraflığında yaşayan təqaüdçü keçmiş rəngsaz 15 il çardaqda saxladığı “Pokemon” kart kolleksiyasını hərracda 1,56 milyon funt-sterlinqə, təxminən 3,6 milyon manata satıb.
Adının açıqlanmasını istəməyən şəxs kolleksiyasının əsl dəyərini yerli qəzetdə bir kartın 6 min funt-sterlinqdən baha satılması barədə xəbəri oxuduqdan sonra anlayıb.
O, kartları 1990-cı illərin sonunda “Pokemon” həvəskarı olan oğlu üçün toplamağa başlayıb. Vaxtilə 300 funt-sterlinqə aldığı dəstlərdən birini hərracda 75 min funt-sterlinqə satıb.
Ümumilikdə 42 dəstdən ibarət kolleksiya açılmamış qablaşdırmalarda və xüsusi qovluqlarda, yüksək keyfiyyətli vəziyyətdə qorunub. Ən qiymətli əşyalardan biri isə demək olar ki, qüsursuz “Charizard” kartının daxil olduğu “Əfsanəvi Kolleksiya” dəsti olub. Dəyəri 15-20 min funt-sterlinq qiymətləndirilən dəst hərracda 100 min funt-sterlinqə alıcı tapıb.
Hərrac evi satışın Böyük Britaniyada kolleksiya kartları üzrə ən yüksək məbləğli satış olduğunu və Avropa rekordu ola biləcəyini bildirib. Bu sahədə əvvəlki ən yüksək satış oktyabrın 9-da Londonda 872 min funt-sterlinq təşkil edib.
Təqaüdçü tapıntısını belə təsvir edib: “İnsanlar həmişə çardaqda xəzinə tapmaqdan danışırlar. Mənim vəziyyətimdə isə bu, sözün əsl mənasında doğrudur”.
‼️ Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun.
#Pokemon #Hərrac #MaraqlıXəbər #RekordSatış #İngiltərə #Expressxeberler #Expressxeberler.az



