Müəllimlərdən vahid məktəbli formasına dəstək: “Elm və təhsil dünyəvidir”-Fotolar
Cəmiyyət
Expressxeberler.az xəbər verir ki, məktəblərdə vahid forma və hicab məsələsi ətrafında müzakirələr davam edərkən müəllimlər də mövzu ilə bağlı fikirlərini bölüşüblər.
Yardımlı rayonunun Bozayran kənd tam orta məktəbinin müəllimi Xəqani Paşayev vahid məktəbli geyimində olan şagirdlərin fotosunu paylaşaraq onların səliqəli görünüşünə diqqət çəkib.
Müəllim paylaşımında uşaqların vahid geyimdə necə gözəl və səliqəli göründüklərini vurğulayıb, onlara xoş arzularını çatdırıb.
Şəki rayonunun Kiş kənd tam orta məktəbinin müəllimi Mürsəl Quliyev isə hicab məsələsinin zamanla həllini tapacağına ümid etdiyini bildirib. O, valideynlərin övladlarının təhsilinə üstünlük verəcəyinə inandığını qeyd edib.
Mürsəl Quliyev hicablı həmkarları arasında savadlı və fədakar müəllimlərin olduğunu da vurğulayıb. Bununla yanaşı, təhsilin dünyəvi xarakter daşıdığını ifadə edərək, “Elm və təhsil dünyəvi xarakterə malikdir. Necə ki, fizika qanunları dünyəvi xarakterə malikdir”, – deyə bildirib.
Müəllim vahid məktəbli formasının uşaqlara səliqəli görünüş verdiyini də diqqətə çatdırıb.
Məktəblərdə vahid geyim və hicab məsələsi ilə bağlı müzakirələr təhsil mühitində bərabərlik, dünyəvilik və uşaqların keyfiyyətli təhsil alması mövzularını yenidən gündəmə gətirib.



