Reyhan Sarı gəmisinə hücumla bağlı Türkiyədən BCM-ə müraciət
Gündəm
Türkiyə bayraqlı Reyhan Sarı yük gəmisinə Qara dənizdə edilən hücumla bağlı Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) Prokurorluğuna müraciət edilib. Müraciətdə gəmi sahibi, hücum zamanı gəmidə olan 12 heyət üzvü və həlak olan 54 yaşlı dənizçi Savaş Çakarın ailəsi şikayətçi kimi yer alıb.
Expressxeberler.az xəbər verir ki, bu barədə HaberDenizde məlumat yayıb.
Məlumata görə, prosesi aparan vəkil Nuri Koray Kurun BCM Prokurorluğuna müraciətin edildiyini və hadisə ilə bağlı sübutların məhkəməyə təqdim olunduğunu açıqlayıb.
Reyhan Sarı gəmisi 2026-cı ilin iyulunda Rusiyanın Taman limanından Trabzona kömür daşıyarkən Qara dənizin Novorossiysk sahillərində pilotsuz uçuş aparatının hücumuna məruz qalıb. Hücum nəticəsində gəminin 54 yaşlı heyət üzvü Savaş Çakar həlak olub, digər ekipaj üzvləri isə yaralanıb.
Müraciətdə hadisənin beynəlxalq hüquq çərçivəsində araşdırılması və mümkün cinayət tərkibinin qiymətləndirilməsi tələb olunur. BCM Prokurorluğu əvvəlcə təqdim olunan iddiaları və sübutları, məhkəmənin yurisdiksiyasını və işin qəbuledilənliyini qiymətləndirəcək. Yalnız bundan sonra rəsmi araşdırmanın başlanıb-başlanmayacağına qərar verilə bilər.



