Taun Azərbaycana keçə bilər? Professor təhlükədən danışdı
Cəmiyyət
Rusiyada taun narahatlığı: Azərbaycana keçə bilərmi? – Professor açıqladı
Expressxeberler.az xəbər verir ki, Rusiyanın İrkutsk vilayətində laboratoriya əməkdaşının naməlum pnevmoniyadan ölməsi və onunla təmasda olan şəxslərin nəzarətə götürülməsi taunla bağlı narahatlıqları yenidən gündəmə gətirib.
Sosial şəbəkələrdə taunun Rusiyada yayıldığı və epidemiyaya çevrilə biləcəyi ilə bağlı müxtəlif iddialar səsləndirilsə də, bununla bağlı rəsmi təsdiqlənmiş məlumat yoxdur.
Tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib ki, taun “Yersinia pestis” bakteriyasının yaratdığı zoonoz infeksiyadır. Xəstəliyin əsas daşıyıcıları gəmiricilər, insanlara ötürülməsində isə əsasən yoluxmuş birələr rol oynayır.
Professorun sözlərinə görə, taunun əsasən üç forması var: bubon, ağciyər və septik taun. Bubon formasında limfa düyünləri şişir və irinləyə bilər. Ağciyər taunu hava-damcı yolu ilə yayıla bilir. Septik formada isə bakteriya qana keçərək ağır vəziyyət yarada bilər.
Adil Qeybulla qeyd edib ki, müasir dövrdə antibiotiklərin mövcudluğu taunun müalicəsini mümkün edir. Bununla belə, xəstəlik ciddi infeksiya olaraq qalır.
Professor Azərbaycanda da taunun təbii rezervuarlarının olduğunu bildirərək, xəstəliyin ölkəyə keçməsi ehtimalının epidemioloji vəziyyətdən asılı olduğunu deyib.
Qeyd edək ki, Rusiyada baş verdiyi bildirilən konkret hadisənin taun olub-olmadığı barədə rəsmi təsdiq olmadan sosial şəbəkələrdə yayılan iddialara ehtiyatla yanaşmaq lazımdır.



