Yeni tərbiyə metodu gündəmdə: uşaqlar kartof qazır, odun doğrayır
Cəmiyyət
Çində uşaqların tərbiyəsi ilə bağlı mübahisələrə səbəb olan yeni bir tendensiya yayılıb. Valideynlər övladlarını istirahət mərkəzləri əvəzinə ağır fiziki əməyin tələb olunduğu xüsusi düşərgələrə göndərirlər.
Expressxeberler.az xəbər verir ki, xarici KİV-in məlumatına görə, “çətinlik düşərgələri” adlandırılan bu proqramlarda məktəblilərin telefon və internetdən istifadəsinə icazə verilmir. Gün ərzində isə uşaqlar kartof qazır, odun doğrayır, heyvanlara qulluq edir və müxtəlif kənd təsərrüfatı işləri görürlər.
Bu cür proqramlara xüsusilə Çinin Sıçuan, Quyçjou və Yunnan əyalətlərinin kənd ərazilərində maraq böyükdür. Valideynlər 10 günlük proqram üçün təxminən 4 min yuan, bir aylıq düşərgə üçün isə 10 min yuandan artıq ödəniş edirlər.
Düşərgələrdə uşaqlar gördükləri işə görə pul qazanmırlar. Onlara verilən xallar yalnız sabun, tualet kağızı kimi gündəlik ehtiyaclar üçün istifadə edilə bilər.
Bəzi proqramlarda sərt qaydalar və cəza üsulları da tətbiq olunur. Məsələn, gün ərzində müəyyən olunmuş iş normasını tamamlamayan uşaqlara yemək olaraq yalnız qaynadılmış kartof verildiyi bildirilir.
Bu düşərgələrdən yayılan görüntülər Çin sosial şəbəkələrində ciddi müzakirələrə səbəb olub. Kadrlarda bəzi uşaqların ağlayaraq valideynlərindən onları evə aparmalarını istədiyi görünür.
Düşərgələrin təşkilatçıları tətbiq etdikləri metodların uşaqlara zəhmətin dəyərini və rahat həyatın əhəmiyyətini öyrətmək məqsədi daşıdığını bildirirlər. Tərəfdarlar bu təcrübənin uşaqlarda məsuliyyət hissini artırdığını düşünürlər.
Tənqidçilər isə sərt fiziki əməyin və yüksək stressin uşaqlara psixoloji baxımdan mənfi təsir göstərə biləcəyini qeyd edirlər. Buna baxmayaraq, övladlarını belə proqramlara göndərən valideynlərin sayı azalmır.



