İlham Əliyev Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışında-FOTOLAR

IMG_0793 Gündəm
11:11 Expressxeberler.az

Pirallahıda 113,9 milyon manatlıq dərman zavodu açıldı – 60 milyon qutu istehsal gücü

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 5-də Pirallahı Sənaye Parkında “Gen Pharma Caucasus Manufacturing Operations” MMC-nin dərman istehsalı müəssisəsinin açılışında iştirak edib.

Expressxeberlər.az xəbər verir ki, əvvəlcə iqtisadiyyat naziri Mikayıl Cabbarov dövlət başçısına sənaye zonaları və Pirallahı Sənaye Parkının fəaliyyəti barədə məlumat verib.

Qeyd olunub ki, Pirallahı Sənaye Parkı Prezident İlham Əliyevin 2016-cı ildə imzaladığı Fərmanla yaradılıb. Parkın əsas məqsədi əczaçılıq sənayesinin inkişafını dəstəkləmək, dərman vasitələri üzrə idxaldan asılılığı azaltmaq, yerli istehsalı təşviq etmək və məşğulluğu artırmaqdır.

Hazırda Pirallahı Sənaye Parkında 6 rezident qeydiyyatdan keçib.

“Gen Pharma Caucasus Manufacturing Operations” MMC-nin təsisçisi Abidin Gülmüş müəssisə barədə Prezident İlham Əliyevə məlumat verib.

Bildirilib ki, müəssisəyə 2023-cü ildə Pirallahı Sənaye Parkının rezidenti statusu verilib. Layihənin ümumi dəyəri 113,9 milyon manatdır. Maliyyələşmədə özəl investisiya ilə yanaşı, Azərbaycan Biznesinin İnkişafı Fondunun 13,2 milyon manat investisiyasından və 10 milyon manat güzəştli kredit vəsaitindən istifadə olunub.

5,2 hektar ərazidə yerləşən müəssisənin illik istehsal gücü 60 milyon qutu dərman, o cümlədən 2,5 milyard tablet və kapsul təşkil edir.

Zavodda kardiologiya, nevrologiya, urologiya, diabetologiya, qastroenterologiya, ağrıkəsici və antibiotiklər də daxil olmaqla müxtəlif dərman preparatlarının istehsalı həyata keçiriləcək.

Müəssisənin inkişaf planlarına 5 il ərzində 500-dən çox preparatın istehsalının lokallaşdırılması, daxili tələbatın maksimum səviyyədə qarşılanması və ixrac coğrafiyasının genişləndirilməsi daxildir.

Məhsulların Azərbaycan bazarı ilə yanaşı, Özbəkistan, Qazaxıstan, Gürcüstan və digər ölkələrə ixracı da nəzərdə tutulur.

Müəssisədə 178 nəfərin daimi işlə təmin ediləcəyi bildirilib. Zavodda ABŞ, Yaponiya, Almaniya, İsveçrə, Çin, Danimarka, İsveç və Türkiyənin aparıcı şirkətlərinin istehsalı olan avadanlıqlar quraşdırılıb.

Bundan başqa, müəssisədə Qarabağ Universiteti və Azərbaycan Tibb Universiteti üçün rəsmi tədris bazası da yaradılıb.

‼️Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun

539 baxış
Paylaş: