⚡ Korrupsiya barədə məlumat verənlərə mükafat veriləcək-Ətraflı
Cəmiyyət
Korrupsiya barədə məlumat verənlərə mükafat veriləcək
Expressxeberler.az xəbər verir ki, Azərbaycanda korrupsiya ilə əlaqədar hüquqpozma barədə məlumat verən şəxslərin məlumatı təsdiqləndiyi halda onlara maddi mükafat ödənilməsi təklif olunur.
Bu barədə Milli Məclisin komitələrinin birgə iclasında müzakirə edilən “Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxslərin həvəsləndirilməsi və müdafiəsi haqqında” yeni qanun layihəsində nəzərdə tutulub.
Layihəyə əsasən, verilən məlumat araşdırıldıqdan sonra öz təsdiqini taparsa, məlumat verən şəxsə mükafat ödəniləcək. Mükafatın məbləği minimum əməkhaqqının 25 mislinədək ola bilər. Məbləğ müəyyən edilərkən hüquqpozmanın xarakteri, məlumatın əhəmiyyəti, vurulmuş zərərin və bərpa edilmiş aktivlərin həcmi nəzərə alınacaq.
Məlumata görə, mükafat məlumatın təsdiqləndiyi barədə şəxsə məlumat verildikdən sonra 10 iş günü ərzində ödənilməlidir.
Bundan əlavə, cinayət işi üzrə müəyyən hallarda dövlətə qaytarılan vəsaitin və ya ödənilmiş maddi ziyanın 5 faizinin məlumat verən şəxsə ödənilməsi də təklif olunur.
Qanun layihəsində məlumat verən şəxsin məxfiliyinin qorunması, həmçinin onun və yaxınlarının təhlükəsizliyinin təmin edilməsi ilə bağlı müddəalar da yer alıb. Məlumat verən şəxsin korrupsiya barədə məlumatla əlaqədar həlak olması halında ailəsinə 20 min manat, bədən xəsarəti aldığı halda isə 10 min manat birdəfəlik müavinət verilməsi təklif edilir.
Qeyd edək ki, sözügedən sənəd hazırda qanun layihəsidir.



