“İtkinlərin taleyi ilə bağlı Ermənistanla əməkdaşlığa hazırıq”
Gündəm
Azərbaycan Ermənistan tərəfinə DNT nümunələri təqdim etməyi təklif edib
Expressxeberler.az xəbər verir ki, Azərbaycan tərəfi azad edilmiş ərazilərdə aşkarlanan və Ermənistan hərbçilərinə aid olduğu ehtimal edilən insan qalıqlarının eyniləşdirilməsi üçün Ermənistanın müvafiq DNT nümunələrini təqdim etməsini təklif edib.
Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri Əli Nağıyev bildirib ki, Ermənistanın 2026-cı ilin yanvarında təqdim etdiyi, itkin düşdüyü bildirilən 50 erməniəsilli şəxsin DNT profilləri ilə aşkarlanmış qalıqlar arasında aparılan ekspertizalar uyğunluq müəyyən etməyib.
Əli Nağıyev qeyd edib ki, hər iki tərəfin itkinlərinin taleyinin aydınlaşdırılması üçün əməkdaşlığa hazırdırlar. Onun sözlərinə görə, bunun üçün Ermənistan itkin düşmüş azərbaycanlıların taleyi, kütləvi və fərdi dəfn yerləri barədə məlumatları təqdim etməli, arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır.
Dövlət Komissiyasının sədrinin sözlərinə görə, 2025-ci ilin fevralından Ermənistanın aidiyyəti komissiyası ilə birbaşa təmaslar qurulub, görüşlər və məlumat mübadiləsi aparılıb.
Bildirilib ki, müxtəlif mənbələr və şahid ifadələri əsasında Birinci Qarabağ müharibəsində əsir və girov götürülərək beynəlxalq təşkilatlardan gizli saxlanılmış 834 Azərbaycan vətəndaşının siyahısı, o cümlədən 104 nəfər barədə ətraflı məlumat qarşı tərəfə təqdim edilib.
Həmçinin Beynəlxalq Qızıl Xaç Komitəsinin rəsmi qeydiyyata aldığı 54 Azərbaycan vətəndaşı haqqında məlumat verilib. Onlardan 17 nəfərin meyiti qaytarılıb. Saxlanma yerlərində öldüyü bildirilən 33 şəxsin meyiti qaytarılmayıb, 4 nəfərin taleyi isə hələ də məlum deyil.
Expressxeberler.az



