Bakıda 3 nəfərin öldüyü, 25 nəfərin xəsarət aldığı yanğın: “Loft Klinika”nın direktoru məhkəmədə ifadə verdi

IMG_9493 Dünya
19:37 Expressxeberler.az

Expressxeberler.az xəbər verir ki, 2025-ci il noyabrın 21-də Yasamal rayonunda, Mirəli Seyidov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında baş verən yanğınla bağlı cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Babək Pənahovun sədrliyi ilə keçirilən iclasda “TAXES GROUP” MMC-nin (“Loft Klinika”) direktoru Bəhruz Paşayev sərbəst ifadə verib.

Təqsirləndirilən şəxs zərərçəkmişlərdən və vəfat edən şəxslərin hüquqi varislərindən üzr istəyərək bağışlanmasını diləyib.

Bəhruz Paşayev bildirib ki, obyekti Vüqar Abbasovdan aylıq 25 min manata icarəyə götürüb. Onun sözlərinə görə, elektrik xətlərinin çəkilməsi və qoşulmasını özü təşkil edib, lakin enerji blokunun belə ağır nəticələrə səbəb ola biləcəyini bilməyib.

O qeyd edib ki, hadisə baş verən gün Sumqayıtda olub və yanğın barədə məlumat aldıqdan sonra hadisə yerinə gəlib:

“Mən özüm də ora gəldim. Həyəcanlı vəziyyətdə idim. Hər kəsə kömək etdim”.

Təqsirləndirilən şəxs elektrikli avtomobillər üçün enerji blokunun quraşdırılması zamanı “Azərişıq”a rəsmi müraciət edilmədiyini də etiraf edib. O, bu işin elektrik xidmətləri göstərən bir şirkət tərəfindən həyata keçirildiyini bildirib.

Məhkəmədə zərərçəkmiş tərəflərdən də çıxışlar olub. Vəfat edən azyaşlı Arzu Qəmbərlinin atası, Vəkillər Kollegiyasının üzvü Əli Qəmbərov təqsirləndirilən şəxsdən həqiqəti danışmasını istəyib. O, həmçinin zərərçəkmiş Vüqar Abbasovun ifadələrində ziddiyyətlərin olduğunu bildirərək onun məhkəmədə dindirilməsini tələb edib.

Hakim Vüqar Abbasovun çağırılaraq dindiriləcəyini bildirib.

Qeyd edək ki, 21 noyabr 2025-ci ildə baş verən yanğın nəticəsində üç sakin – Arzu Qəmbərli, Samir Məhəmmədov və Könül Hümbətova həyatını itirib, 25 nəfər tüstüdən zəhərlənib. Hadisə nəticəsində müxtəlif şəxslərə məxsus əmlaka da ziyan dəyib.

İstintaqın nəticələrinə əsasən, Bəhruz Paşayev yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsinə cavabdeh şəxs kimi həmin qaydaları pozmaqda və ehtiyatsızlığı nəticəsində üç nəfərin ölümünə səbəb olmaqda ittiham olunur.

O, Cinayət Məcəlləsinin 225.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib və barəsində həbs qətimkan tədbiri seçilib.

Növbəti məhkəmə prosesi noyabrın 4-nə təyin olunub.

Expressxeberler.az

300 baxış
Paylaş: