Paşinyan: “Azərbaycanlı hərbçi cəzasının bir hissəsini Ermənistanda çəkəcək”
Cəmiyyət
Expressxeberler.az xəbər verir ki, Zəngəzurun Şəki kəndi istiqamətində Ermənistan ərazisinə daxil olduğu bildirilən azərbaycanlı hərbçi Nəsimi Musayev cəzasının ən azı bir hissəsini Ermənistanda çəkəcək.
Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə keçirilən hökumət saatında bildirib ki, hərbçi ilə bağlı bütün hüquqi prosedurlar tamamlanmalıdır.
Onun sözlərinə görə, əvvəlcə istintaq aparılmalı, iş məhkəməyə göndərilməli və hökm çıxarılmalıdır. Bundan sonra hərbçinin cəzasının ən azı bir hissəsini Ermənistanda çəkməsi nəzərdə tutulur.
Paşinyan hadisənin necə baş verdiyinə də toxunub. O bildirib ki, azərbaycanlı hərbçinin gizləndiyi evə əvvəlcə uşaqlar yaxınlaşıb və evdə yad şəxsi gördüklərini analarına deyiblər. Qadın daha sonra polisə məlumat verib və polislərdən əvvəl hadisə yerinə çatıb.
“Bu, klassik kriminal hekayədir. Əgər onlar polisin gəlməsini gözləsəydilər, heç nə baş verməzdi”, – deyə Paşinyan bildirib.
Qeyd edək ki, oktyabrın 1-də Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu Nəsimi Musayev Ermənistanın təhlükəsizlik orqanları tərəfindən saxlanılıb. Bildirilir ki, o, naməlum şəraitdə sərhədi keçərək Şəki kəndi istiqamətində əraziyə daxil olub. Hərbçi barəsində iki aylıq həbs qətimkan tədbiri seçilib.
Expressxeberler.az



