5 ilə çəkilən “44” təqdim olundu
Gündəm
44” filmi təqdim olundu – 5 ilə ərsəyə gələn ekran əsərinin detalları
Heydər Əliyev Mərkəzində Azərbaycan xalqının Vətən müharibəsinə həsr olunan “44” bədii filminin təqdimat mərasimi keçirilib.
Expressxeberler.az xəbər verir ki, tədbirdə Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva və Alyona Əliyeva iştirak ediblər.
Təqdimatdan əvvəl şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Daha sonra Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının Simfonik Orkestri və Azərbaycan Dövlət Xor Kapellasının ifasında filmin saundtreki səsləndirilib. Musiqi Azərbaycan xalqının Zəfərə aparan yolunu əks etdirən sənədli xronika ilə müşayiət olunub.
Xronikada Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizəsi, Ümummilli Lider Heydər Əliyevin torpaqlarımızın azad olunmasına yönəlmiş siyasəti və bu siyasətin Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən davam etdirilməsini əks etdirən videomateriallar nümayiş etdirilib.
Daha sonra “44” bədii filmi tamaşaçılara təqdim olunub.
Ekran əsəri bir kursantın gözü ilə canlandırılan qəhrəmanlıq və məhəbbət dramıdır. Filmdə xüsusi təyinatlıların timsalında Vətənin müdafiəsi uğrunda ayağa qalxan bir nəslin ruhu, iradəsi və fədakarlığı əks etdirilir.
Süjetin mərkəzində Xüsusi Təyinatlı Qüvvələrin zabiti Rəşad Xəlilov, Azərbaycanda çalışan türkiyəli həkim-ortoped Zeynəb Özdəmir və xüsusi əməliyyat qrupunun komandiri, polkovnik Ramazan Kərimov dayanır. Sevgi və şəxsi sınaqlarla yanaşı, filmdə gərgin hərbi əməliyyatlar da təsvir olunur.
“44” yalnız müharibədən bəhs edən film deyil. Bu, Vətən sevgisi ilə yaşayan, ümidini itirməyən və torpaqlarının azadlığı uğrunda fədakarlıqla mübarizə aparan Azərbaycan xalqının hekayəsidir. Ekran əsəri xalqın birliyi, Müzəffər Ali Baş Komandanın rəhbərliyi və igid oğullarımızın qəhrəmanlığı sayəsində qazanılmış tarixi Zəfərin bədii salnaməsidir.
Filmin çəkilişlərinə 5 il sərf olunub
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin, Azərbaycan Respublikasının Kino Agentliyinin və Bakı Media Mərkəzinin dəstəyi ilə ərsəyə gələn “44” son illərin ən böyük Azərbaycan kinematoqrafiya layihələrindən biridir.
Filmin bədii rəhbəri Anar Ələkbərov, quruluşçu rejissorları İsmayıl Səfərəli və Maksim Smetana, ssenari müəllifləri Anar Ələkbərov və İsmayıl İman, prodüseri Orman Əliyev, quruluşçu operatoru Oleksandr Pozdnyakov, montaj rejissoru Elşad Rəhimov, bəstəkarı Ruslan Ağababayev, səs rejissoru isə Teymur Kərimovdur.
Ekran əsərinin ərsəyə gəlməsi üçün ümumilikdə 5 il vaxt sərf olunub. Bədii və rejissor ssenarilərinin hazırlanması 2 il, çəkilişlərə hazırlıq 1 il, çəkiliş prosesi 14 ay, postprodakşn mərhələsi isə 1 il davam edib.
Filmin daimi yaradıcı, aktyor və inzibati heyəti 455 nəfərdən ibarət olub. Layihəyə müxtəlif sahələr üzrə 198 mütəxəssis cəlb edilib. Hərbçilər, kütləvi səhnə iştirakçıları, epizodik rollarda çıxış edən aktyorlar və digər mütəxəssislər nəzərə alındıqda, layihədə iştirak edənlərin ümumi sayı bir neçə min nəfərə çatıb.
Çəkilişlərdə 2500 hərbçi, Xüsusi Təyinatlı Qüvvələrin 42 döyüşçüsü, əsas rollarda 32 aktyor, epizodik rollarda 1143 aktyor və kütləvi səhnələrdə iştirak edən 2000-dək şəxs yer alıb. Aktyorlar arasında Vətən müharibəsinin iştirakçıları da var.
Filmdə azərbaycanlı aktyorlarla yanaşı, Türkiyənin tanınmış aktrisası Özge Gürel də rol alıb. Çəkilişlərdən əvvəl aktyor heyəti Xüsusi Təyinatlı Qüvvələrin təlim-məşq bazasında hərbi-taktiki hazırlıq keçib. Ekran əsərinin çəkilişlərində Azərbaycan Ordusunun bütün qoşun və qüvvə növləri iştirak edib.
Çəkilişlər Azərbaycanın 12 bölgəsində aparılıb
“44” filminin çəkilişləri Bakı, Abşeron, Ağdam, Cəbrayıl, Füzuli, Goranboy, Gəncə, Xocalı, Xocavənd, Xızı, Lerik və Şuşada həyata keçirilib. Ümumilikdə 130-dan çox məkan çəkiliş meydançasına çevrilib.
Filmin istehsalında 150-dən çox hərbi texnika, aviasiya vasitəsi, avtomobil, silah və xüsusi təyinatlı avadanlıqdan istifadə olunub. Çəkilişlərə tanklar, piyadaların döyüş maşınları, reaktiv yaylım atəş sistemləri, artilleriya qurğuları, döyüş helikopterləri, pilotsuz uçuş aparatları, mühəndis texnikası və zirehli avtomobillər cəlb edilib.
Genişmiqyaslı döyüş səhnələrinin yaradılması üçün 300 min müxtəlif növ təlim və döyüş patronundan, yüzlərlə təlim sursatından, eləcə də pirotexniki vasitələrdən, tüstü effektlərindən və xüsusi kaskadyor avadanlıqlarından istifadə edilib.
112 saatlıq çəkiliş materiallarının montajı bir il davam edib. Nəticədə filmin 2 saat 38 dəqiqəlik yekun versiyası hazırlanıb.
Filmin hazırlanmasında 13 ölkədən mütəxəssislər iştirak edib
Layihənin müxtəlif mərhələlərində 13 ölkədən olan beynəlxalq mütəxəssislər çalışıblar. ABŞ, Almaniya, Avstriya, Belarus, Böyük Britaniya, Gürcüstan, İran, Qazaxıstan, Polşa, Rusiya, Türkiyə, Ukrayna və Estoniyadan olan mütəxəssislər kaskadyorluq, pirotexniki effektlər, səs yazılışı, qrim, musiqi, səs dizaynı, kompüter qrafikası və digər sahələrdə iştirak ediblər.
Filmin kompüter qrafikası ukraynalı mütəxəssislərlə birgə Estoniyanın 3D qrafika, kompüter animasiyası və vizual effektlər üzrə ixtisaslaşmış “UMP” studiyasında hazırlanıb. Bildirilib ki, bu prosesdə süni intellekt məhsullarından istifadə olunmayıb.
Postprodakşn, rəng korreksiyası, rəqəmsal görüntü emalı və masterinq işləri isə Polşanın “Dolby Vision” sertifikatlı “FixaFilm” studiyasında həyata keçirilib.
“44” filminin beynəlxalq səviyyədə tanıdılması məqsədilə gələcəkdə xarici ölkələrdə nümayişi və müxtəlif kinofestivallarda iştirakı planlaşdırılır.
Qeyd edək ki, film oktyabrın 15-dən etibarən ölkə kinoteatrlarında nümayiş olunacaq.
‼️Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun



