“Bizim vaxtımızda uşaqlar nə yaylıq, nə hicab bağlayırdı”
Gündəm
Xalq artisti, bəstəkar Eldar Mansurov vahid məktəbli geyimlərinin tərəfdarı olduğunu bildirib.
Expressxeberler.az xəbər verir ki, sənətçi bu barədə “Trend”ə açıqlamasında danışıb.
Onun sözlərinə görə, məktəb illəri sovet dövrünə təsadüf edib və həmin vaxt da vahid məktəbli geyimlərindən istifadə olunub.
“Mən də hamı kimi həmin geyimləri geyinirdim. Vahid geyimin əsas xüsusiyyəti o idi ki, fəhlə ilə vəzifəli şəxsin övladları arasında fərq görünmürdü, hamı bərabər idi. İnanın ki, bizim heç ağlımıza da gəlməzdi ki, fərqli geyimdə məktəbə gedək. Öz istədiyimiz geyimləri ekskursiyalara, teatrlara, idman yarışlarına və digər yerlərə gedəndə geyinərdik.
Qız uşaqlarına gəlincə, bizim zamanımızda onlar nə hicabla, nə də yaylıqla başlarını örtərdilər. Şəxsən mən vahid məktəbli geyiminin tərəfdarıyam, çünki özüm də zamanında məktəbli paltarında məktəbə gedərdim”, – deyə bəstəkar əlavə edib.
Xatırladaq ki, 2026-cı il sentyabrın 21-də Baş nazir Əli Əsədov Nazirlər Kabinetinin 2022-ci il 17 mart tarixli qərarı ilə təsdiqlənmiş dövlət ümumi təhsil müəssisələrinin şagirdlərinin geyim formaları ilə bağlı qaydalara dəyişiklik edilməsi haqqında qərar imzalayıb.
Qərara əsasən, şagirdlərin müəyyən edilmiş geyim formasının vahidliyini pozan, eləcə də ümumi təhsilin dünyəvilik prinsipinə uyğun olmayan digər geyim elementlərindən istifadə edilməsinə yol verilmir.
‼️Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun



