Nurəddin Mehdixanlının 70 illiyi qeyd olundu

IMG_0980 Gündəm
19:37 Expressxeberler.az

Expressxeberler.az xəbər verir ki, oktyabrın 14-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında sənətkarın yubileyinə həsr olunan “Səhnədə ömür, sənətdə əbədilik” adlı tədbir keçirilib.

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə baş tutan gecədə Prezident Administrasiyasının nümayəndələri, mədəniyyət naziri Adil Kərimli, digər rəsmilər, millət vəkilləri, tanınmış mədəniyyət xadimləri və sənətsevərlər iştirak ediblər.

Tədbirdə çıxış edən sənət adamları Nurəddin Mehdixanlının Azərbaycan teatr və kino sənətindəki xidmətlərindən, yaratdığı yaddaqalan obrazlardan, sənətə sədaqətindən və Vətənə sevgisindən danışıblar.

Gecədə Xalq artistləri Mələkxanım Əyyubova, Samir Cəfərov və Nazpəri Dostəliyeva musiqi nömrələri ilə yubilyarı təbrik ediblər.

Həmçinin Gürcüstan, Türkiyə və Moldovadan olan tanınmış teatr xadimlərinin sənətkara videotəbrikləri nümayiş olunub. Özbəkistan Milli Akademik Dram Teatrının direktoru, Xalq artisti Yodqar Saqdiyevin təbrik məktubu da səsləndirilib.

Tədbirin bədii hissəsində Nurəddin Mehdixanlının rol aldığı “Aydın”, “Solğun çiçəklər”, “Özümüzü kəsən qılınc”, “Hələ sevirəm deməmişdilər”, “Pəncərədə işıq”, “Xurşidbanu Natəvan” və “Kral Lirin faciəsi” tamaşalarından məşhur dialoqlar, eləcə də “Cavad xan” filmindən fraqment nümayiş etdirilib.

Sonda Nurəddin Mehdixanlı yubiley gecəsinin təşkilatçılarına, iştirakçılarına və onu təbrik edən hər kəsə minnətdarlığını bildirib.

‼️Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun

64 baxış
Paylaş: