Güclü külək bu maşınları aşıra bilər
Gündəm
Güclü külək gözlənilir: DYP sürücülərə müraciət etdi
Expressxeberler.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi oktyabrın 19-da gözlənilən güclü küləklə əlaqədar sürücülərə xəbərdarlıq edib.
İdarənin məlumatına görə, Milli Hidrometeorologiya Xidmətinin proqnozuna əsasən, Bakı və Abşeron yarımadasında, eləcə də ölkənin bir sıra bölgələrində güclü külək əsəcək.
DYP sürücüləri hava şəraitindəki dəyişiklikləri nəzərə almağa, yollarda diqqətli olmağa və təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırıb.
Bildirilib ki, güclü külək xüsusilə açıq ərazilərdə, körpülərdə, yolötürücülərində və magistral yollarda hərəkəti çətinləşdirə bilər. Küləyin qəfil istiqamət dəyişməsi avtomobilin idarəetməsinə təsir göstərə, xüsusilə iri nəqliyyat vasitələri və qoşqulu avtomobillər üçün təhlükə yarada bilər.
Sürücülərə sürəti hava şəraitinə uyğun seçmək, ara məsafəsini artırmaq, qəfil manevrlərdən və kəskin tormozlamadan çəkinmək tövsiyə olunub.
Həmçinin avtomobillərin ağacların, reklam lövhələrinin, elektrik dirəklərinin və külək nəticəsində təhlükə yarada biləcək digər konstruksiyaların yaxınlığında saxlanılmamasının vacibliyi vurğulanıb.
Baş Dövlət Yol Polisi İdarəsi bütün hərəkət iştirakçılarını ehtiyatlı olmağa və yol hərəkəti zamanı məsuliyyətli davranmağa çağırıb.



