Leyla Əliyeva İmam əl-Buxarinin memorial kompleksində
Gündəm
Özbəkistanın Səmərqənd şəhərində keçirilən Ümumdünya Sammiti çərçivəsində “Uşağın gözü ilə dünya” sərgisi təşkil olunub.
Expressxeberler.az xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva oktyabrın 22-də sərgi ilə tanış olub.
“Uşaqların rifahına investisiya: gələcək nəsillərin dayanıqlı və ədalətli inkişafına doğru” adlı sammit çərçivəsində təşkil olunan sərgi Özbəkistanda ana və uşaq sağlamlığının qorunması, təhsil, reabilitasiya, inklüzivlik və uşaq hüquqlarının müdafiəsi sahələrində həyata keçirilən islahatlara həsr edilib.
Ekspozisiya uşağın doğulduğu andan müstəqil həyata qədəm qoymasına qədər inkişaf mərhələlərini əhatə edən tematik bölmələr və interaktiv zonalardan ibarətdir. Burada erkən uşaqlıq dövründə sağlamlığın qorunması, ailələrə sosial dəstək, reabilitasiya xidmətləri, inklüziv təhsil və uşaqların hüquqlarının təmin edilməsi istiqamətində görülən işlər nümayiş olunur.
Daha sonra Leyla Əliyeva İmam əl-Buxarinin memorial kompleksini ziyarət edib.
Ona İslam dünyasının görkəmli alimlərindən, hədis elminin ən nüfuzlu nümayəndələrindən biri olan İmam Məhəmməd ibn İsmayıl əl-Buxarinin elmi irsinin öyrənilməsi və təbliği məqsədilə yaradılmış müasir kompleks barədə məlumat verilib.
Bildirilib ki, genişmiqyaslı yenidənqurma işlərindən sonra kompleks mühüm mənəvi-maarifləndirici və turizm mərkəzinə çevrilib. Burada zəvvarların və xarici turistlərin qəbulu, həmçinin İslamın mədəni və elmi irsinin öyrənilməsi üçün lazımi şərait yaradılıb.
‼️Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun



