Meqan Marklın atası ilə bağlı yeni təfərrüatlar üzə çıxıb

IMG_1287 Gündəm
20:37 Expressxeberler.az

Expressxeberler.az xəbər verir ki, Meqan Markl uzun illərdir ünsiyyət saxlamadığı atası ilə bağlı narahatedici məlumatlardan 2018-ci ildə xəbər tutduğunu açıqlayıb. Onun sözlərinə görə, həmin vaxt məktub London Metropoliten Polisinə və kral ailəsinin mühafizəsinə cavabdeh quruma göndərilib, daha sonra isə ona təqdim olunub. Hersoginya məktubda atası ilə bağlı ciddi və qorxulu ittihamların yer aldığını, məsələ ilə əlaqədar araşdırma aparıldığının bildirildiyini deyib.

“The Sun” nəşrinin məlumatına görə, 2018-ci ildə Britaniya polisinə göndərilən məktubda Tomas Markl uşağa qarşı seksual zorakılıqda ittiham olunub. Sənədin məzmunu indiyədək ictimaiyyətə açıqlanmayıb.

İddialara görə, məktubda Tomas Marklın uşaqlara qarşı seksual zorakılıq törətmək məqsədilə Filippin və Taylanda səfər etdiyini etiraf etdiyi də qeyd olunub. Sənəd kral ailəsinin üzvləri və digər tanınmış şəxslərə yönələn təhdidləri qiymətləndirən Britaniyanın FTAC qurumuna daxil olub.

“People” nəşrinin məlumatına görə, məktubda yer alan ittihamlar təsdiqlənməyib. Hazırda Britaniya polisi sənədin necə ötürüldüyü ilə bağlı daxili yoxlama aparır. Bununla belə, Tomas Markla qarşı Britaniyada cinayət işi üzrə araşdırma aparılmayıb və aparılmır. O, ölkə hüdudlarından kənarda yaşadığı üçün məsələ ilə bağlı ayrıca araşdırmanın Filippində davam etdiyi bildirilir.

Tomas Marklın oğlu kiçik Tomas Markl atasının evində uşaqlara qarşı seksual zorakılıq məzmunlu materiallar aşkar etdiyini iddia edib. Onun sözlərinə görə, Sebu şəhərindəki evdə belə görüntülərin olduğu dörd qutu, eləcə də atasına məxsus sərt disklərdə oxşar məzmunlu fayllar olub. O, gördüklərindən sarsıldığını bildirərək hadisə barədə yerli polisə və ABŞ Federal Təhqiqat Bürosuna (FBI) məlumat verdiyini söyləyib. Kiçik Tomas Markl istintaqa ifadə verməyə hazır olduğunu da açıqlayıb.

Tomas Markl isə ona qarşı irəli sürülən ittihamları rədd edərək bunları yalan adlandırıb. O, oğlunun açıqlamalarından sarsıldığını bildirib və heç vaxt ittiham olunduğu əməlləri törətmədiyini deyib.

Tomas Marklın böyük qızı Samanta da atasını müdafiə edib. O, qardaşını böhtan atmaqda ittiham edərək, bu açıqlamalar vasitəsilə mediadan qazanc əldə etməyə çalışdığını iddia edib.

Xatırladaq ki, Meqan Markl ilə atası arasındakı münasibətlər 2018-ci ildə şahzadə Harri ilə toyu ərəfəsində kəskin şəkildə pisləşib. Tomas Markl paparatsilər üçün ödənişli fotosessiya təşkil etdikdən sonra yaranan qalmaqal və səhhətindəki problemlər səbəbindən qızının toyunda iştirak etməyib.

Daha sonra o, Meqanın jurnalistlərlə ünsiyyətdən çəkinməsi xahişini əks etdirən şəxsi məktubunu “Mail on Sunday” nəşrinə təqdim edib. Məktubun dərc olunması məhkəmə mübahisəsinə səbəb olub və Meqan Markl məhkəmə prosesini qazanıb.

Həmin ilin avqustunda atasına beş səhifəlik məktub yazan Meqan Markl onun davranışlarının qəlbini dərindən yaraladığını bildirib. O vaxtdan bəri ata və qız arasında əlaqə, demək olar ki, tamamilə kəsilib.

‼️Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun

169 baxış
Paylaş: