Falçı 800 manat alıb ər-arvadı barışdıracağını dedi – Boşandılar…
Gündəm
Expressxeberler.az xəbər verir ki, Gədəbəydə falçılıqla məşğul olmaqda və iki qadına qarşı dələduzluqda təqsirləndirilən Ramidə Əsgərova cinayət məsuliyyətindən azad edilib.
1985-ci il təvəllüdlü qadının Arısu kəndində yaşayan iki nəfərdən ümumilikdə 1500 manat aldığı məlum olub.
Zərərçəkmiş qadınlardan biri qızının ailəsində yaranan problemlərlə bağlı Ramidəyə müraciət etdiyini bildirib. Onun sözlərinə görə, falçı qızına “qurd yağı” çəkildiyini deyərək kömək müqabilində 800 manat istəyib. Qadın pulu hissə-hissə ödəyib. Lakin qızı sonradan ərindən boşanıb və o, aldadıldığını düşünərək şikayət edib.
Digər qadın isə xəstə olan qızının sağalması üçün falçıya müraciət etdiyini söyləyib. İddialara görə, Ramidə Əsgərova qızı iki aya sağalda biləcəyini vəd edərək 700 manat alıb. Daha sonra evin həyətindən düyünlü sap çıxararaq qızına əməl olunduğunu bildirib. Qızının vəziyyəti yaxşılaşmadıqda qadın aldadıldığını anlayıb.
Təqsirləndirilən şəxs ifadəsində artıq falçılıqla məşğul olmadığını, zərərçəkmişlərə dəymiş zərəri tam ödədiyini və onlarla barışdığını bildirib.
Barışıq ərizələri məhkəməyə təqdim edilib.
Gədəbəy Rayon Məhkəməsi Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən Ramidə Əsgərovanın cinayət məsuliyyətindən azad olunmasına və iş üzrə icraata xitam verilməsinə qərar verib.
Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun.
#Gədəbəy #Falçı #Məhkəmə #Dələduzluq #Hadisə #Expressxeberler #Expressxeberler.az



