Hikmət Hacıyev: Azərbaycan xalqı erməni cəmiyyətindən üzrxahlıq gözləyir
Gündəm
Expressxeberler.az xəbər verir ki, Ermənistanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində mövcud olması və tarixi məsələlərə həqiqətə uyğun yanaşması vacibdir.
Bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Bakı Mədəniyyət və Media Dialoqu Platforması” çərçivəsində keçirilən “Sülhün dili və dezinformasiyaya qarşı mübarizə” adlı xüsusi sessiyada bildirib.
Onun sözlərinə görə, Bakı və İrəvan sülh gündəliyini razılaşdırıblar. Bununla belə, Ermənistan tərəfindən səsləndirilən son fikirlər tərəflər arasında yanaşma fərqlərinin hələ də mövcud olduğunu göstərir.
Hikmət Hacıyev Ermənistan cəmiyyətində revanşizm təzahürlərinin narahatlıq doğurduğunu qeyd edib. O, eyni zamanda Ermənistanın hazırkı rəhbərliyinin “Real Ermənistan” konsepsiyasını təşviq etdiyini və Azərbaycanın bunu nəzərə aldığını vurğulayıb.
Prezidentin köməkçisi bildirib ki, Azərbaycan erməni cəmiyyətində Azərbaycan xalqından üzr istəyəcək insanların tapılmasını gözləyir.
Onun sözlərinə görə, sülhlə bağlı ilkin razılaşmalar əldə olunsa da, xüsusilə öz torpaqlarından qovulan, uzun illər qaçqın və məcburi köçkün həyatı yaşayan, etnik təmizləməyə məruz qalan azərbaycanlılar Ermənistan tərəfindən üzr gözləyirlər.
Hikmət Hacıyev hesab edir ki, belə bir üzr Azərbaycan və Ermənistan arasında etimadın möhkəmləndirilməsi və sülh quruculuğu prosesinin mühüm hissəsi olmalıdır.
Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun.
#HikmətHacıyev #Azərbaycan #Ermənistan #Sülh #Qarabağ #Expressxeberler #Expressxeberler.az



