34 işçinin maaşı hesabına köçdü: mükafat bilib maşın aldı

IMG_1316 Gündəm
20:25 Expressxeberler.az

Expressxeberler.az xəbər verir ki, xarici medianın məlumatına görə, fabrikdə çalışan Vladimir Riçaqovun hesabına məzuniyyət ödənişindən əlavə, səhvən 7 milyon 112 min 254 rubl köçürülüb.

Sonradan məlum olub ki, həmin məbləğ şirkətin digər filialında çalışan 34 işçinin əməkhaqqından ibarət olub. İlkin məlumata görə, proqram təminatında baş verən texniki xəta nəticəsində pul yanlış hesaba yönləndirilib.

Riçaqov hesabına böyük məbləğdə vəsait köçürüldüyünü görəndə bunun şirkət tərəfindən verilən mükafat olduğunu düşünüb. Fabrikdə uğurlu iş ilindən sonra əməkdaşlara yüksək məbləğdə bonus ödəniləcəyi barədə yayılan xəbərlər də onun bu qənaətə gəlməsinə səbəb olub.

Lakin şirkətin mühasibatlıq şöbəsi onunla əlaqə saxlayaraq pulun səhvən köçürüldüyünü bildirib və vəsaitin geri qaytarılmasını tələb edib.

İşçi isə internetdə apardığı araşdırmalardan sonra texniki səhv nəticəsində hesabına köçürülən pulu qaytarmağa borclu olmadığı qənaətinə gəlib. O, bank bildirişində ödənişin əməkhaqqı kimi göstərilməsini də öz mövqeyinə əsas kimi irəli sürüb.

Şirkətin tələbinə baxmayaraq, Riçaqov pulu geri qaytarmaqdan imtina edib. O, vəsaitin bir hissəsinə avtomobil alaraq ailəsi ilə birlikdə başqa şəhərə köçüb.

Bundan sonra şirkət məhkəməyə müraciət edib və proses çərçivəsində işçinin bank hesablarına məhdudiyyət qoyulub.

Birinci instansiya və apellyasiya məhkəmələri şirkətin mövqeyini haqlı hesab ediblər. Məhkəmələr Riçaqovun həmin dövr üçün işəgötürəndən bu məbləğdə ödənilməmiş əməkhaqqı tələbinin olmadığını nəzərə alaraq, köçürülən 7 milyon rubldan artıq vəsaitin əməkhaqqı hesab edilə bilməyəcəyi qənaətinə gəliblər.

İşçinin növbəti şikayəti də təmin edilməyib. Bundan sonra o, işə Rusiya Ali Məhkəməsində baxılması üçün müraciət edib. Məlumata görə, şikayət araşdırılmaq üçün qəbul olunub.

Şirkət rəhbərliyi isə köçürmənin mükafat olmadığını, texniki səhv nəticəsində baş verdiyini bildirib və pulun geri qaytarılması üçün hüquqi mübarizəni davam etdirəcəyini açıqlayıb.

‼️Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun

30 baxış
Paylaş: