Ermənistanın Gəncədə törətdiyi dördüncü terrordan 6 il ötür

IMG_0927 Cəmiyyət
11:19 Expressxeberler.az

Expressxeberler.az xəbər verir ki, 2020-ci il oktyabrın 11-də gecə saat 02:00 radələrində Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin mərkəzi ballistik raket hücumuna məruz qalıb.

Oktyabrın 10-da humanitar atəşkəs rejiminin tətbiq edilməsinə baxmayaraq, Ermənistan ordusu Azərbaycanın yaşayış məntəqələrini atəşə tutmaqda davam edib. Gəncədə mülki əhalinin yaşadığı çoxmənzilli binaların raket atəşinə tutulması nəticəsində 4-ü qadın olmaqla, 9 nəfər şəhid olub, 35 nəfər yaralanıb. Daha sonra yaralılardan biri də xəstəxanada vəfat edib.

Hücum nəticəsində 10-dan artıq çoxmənzilli binaya və 100-dən çox müxtəlif təyinatlı obyektə ziyan dəyib. Hadisə ilə bağlı Azərbaycanın Baş Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Raket hücumu anı Fövqəladə Hallar Nazirliyinin müşahidə kamerası tərəfindən qeydə alınıb.

Qeyd edək ki, İkinci Qarabağ müharibəsi dövründə Ermənistan Silahlı Qüvvələri Gəncə şəhərinə ümumilikdə beş dəfə — oktyabrın 4-də, 5-də, 8-də, 11-də və 17-də raket və ağır artilleriya ilə hücum edib. Nəticədə 26 nəfər şəhid olub, 175 nəfər yaralanıb. Şəhərdəki mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə ciddi ziyan dəyib.

Xatırladaq ki, İkinci Qarabağ müharibəsi zamanı Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycanda 12-si uşaq, 27-si qadın olmaqla, 93 mülki şəxs həlak olub, 454 nəfər yaralanıb. Ümumilikdə 12 292 yaşayış və qeyri-yaşayış sahəsinə, 288 nəqliyyat vasitəsinə ziyan dəyib, 1 018 fermer təsərrüfatı üzrə zərər faktı qeydə alınıb.

‼️Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun

85 baxış
Paylaş: