Kürdəmirdəki zəhərlənmə ilə bağlı yeni açıqlama – məsuliyyət kimindir?
Cəmiyyət
Expressxeberler.az xəbər verir ki, sentyabrın 30-da Kürdəmir rayonunda yerləşən “Günəş” restoranında 92 nəfər qida zəhərlənməsi şübhəsi ilə xəstəxanaya müraciət edib.
TƏBİB-in məlumatına görə, müraciət edənlərdən 7-si azyaşlıdır. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi də hadisə ilə bağlı araşdırmaya başlayıb və nəticələr barədə ictimaiyyətə əlavə məlumat veriləcəyini açıqlayıb.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Musavat.com-a açıqlamasında Azərbaycanda qida zəhərlənmələrinin qeydiyyatı və statistikasının problemli olduğunu bildirib.
Onun sözlərinə görə, zəhərlənmə hallarında səbəbin dəqiq müəyyənləşdirilməsi vacibdir. Hüseynov qeyd edib ki, əgər zəhərlənmənin sənaye üsulu ilə hazırlanan məhsuldan baş verdiyi sübuta yetirilərsə, məsuliyyət həmin məhsulu satan və ya istehsal edən tərəfin üzərinə düşə bilər.
Ekspert həmçinin bildirib ki, məhsulun saxlanma şəraiti də zəhərlənməyə səbəb ola bilər. Bu baxımdan zəhərlənmənin mənbəyinin müəyyənləşdirilməsi və tibbi ekspertizanın düzgün aparılması mühüm əhəmiyyət daşıyır.
Hadisə ilə bağlı araşdırmalar davam edir. Məsuliyyət məsələsi isə araşdırmanın nəticəsindən sonra müəyyənləşəcək.
Ən son xəbərləri Expressxeberler.az saytından izləyin.



