Narqis Vik: “Almaniya Ələt limanında terminal tikintisini müzakirə edir”
Gündəm
Almaniya Ələt limanında multimodal terminalların tikintisini nəzərdə tutan iki layihənin reallaşdırılmasını müzakirə edir.
Expressxeberlər xəbər verir ki, bunu Almaniya-Azərbaycan Xarici Ticarət Palatasının (“AHK Azerbaijan”) icraçı direktoru Narqis Vik mətbuat brifinqində jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, Almaniyanın biznes icması infrastruktura investisiyalar yatırmaqla Orta Dəhlizin inkişafında iştirak etməkdə maraqlıdır.
“Biz Orta Dəhlizə sadəcə malların Asiyadan Avropaya daşınması üçün alternativ marşrut kimi baxmırıq. Biz infrastruktura investisiyalar yatırmaq vasitəsilə Orta Dəhlizin bir hissəsi olmaqda maraqlıyıq”, – deyə Narqis Vik bildirib.
İcraçı direktor qeyd edib ki, hazırda bu istiqamətdə iki layihə müzakirə olunur. Onun sözlərinə görə, layihələr Ələt limanında multimodal terminalların tikintisini nəzərdə tutur.
“Biz ümid edirik ki, bu layihələr uğurla reallaşdırılacaq və onların icra mərhələsinə keçməsi üçün danışıqlar tezliklə yekunlaşacaq”, – deyə N.Vik vurğulayıb.
Narqis Vik həmçinin enerji infrastrukturunun yaradılmasına investorların cəlb edilməsi üçün müvafiq normativ tələblərin və standartların formalaşdırılmasının vacibliyini qeyd edib.
O bildirib ki, “yaşıl enerji” dəhlizlərinin reallaşdırılması üçün yalnız dövlət investisiyaları kifayət etməyəcək və bu sahədə özəl investisiyalara da ehtiyac var.
‼️Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun



