Xırdalanda evi olanlara BƏD xəbər – Köçsünlər, yoxsa…

IMG_1248 Gündəm
18:26 Expressxeberler.az

Xırdalanda mənzil bazarı ilə bağlı yayılan iddialara aydınlıq gətirildi

Abşeron rayonunun Xırdalan şəhərində daşınmaz əmlak qiymətlərinin 10-15 faiz ucuzlaşdığı iddia edilir. Bəs həqiqətənmi Xırdalanda mənzillər ucuzlaşır? Qarşıdakı illərdə bu ərazidə və Masazırda evlərin qiymətində hansı dəyişikliklər gözlənilir?

Expressxeberler.az xəbər verir ki, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin İdarə Heyətinin sədri Vüqar Oruc Xırdalanda mənzil qiymətlərinin ucuzlaşması ilə bağlı iddiaların həqiqəti əks etdirmədiyini bildirib.

Onun sözlərinə görə, Xırdalanda qiymət artımının tempi ətraf ərazilərlə müqayisədə nisbətən zəif olsa da, bahalaşma prosesi davam edir. Hazırda həm mənzil, həm də torpaq bazarında qiymət artımı müşahidə olunur.

Ekspert qeyd edib ki, nəqliyyat əlçatanlığı ilə bağlı problemlər vətəndaşların seçimlərinə təsir göstərir. Xüsusilə Bakıətrafı ərazilərdə yaşayan bəzi insanlar Sumqayıta üstünlük verirlər. Bununla belə, Xırdalanda da mənzil və torpaq alanların sayı az deyil. Bu tendensiya ipoteka kreditləşməsində də özünü göstərir.

Vüqar Oruc hesab edir ki, Bakı şəhərinin Baş Planı 2040-ın həyata keçirilməsi və paytaxtın çoxmərkəzli şəhər modelinə keçidi Xırdalanın gələcək inkişafına da təsir göstərə bilər. Şəhərdə infrastrukturun yenilənməsi, yeni yaşayış binalarının tikilməsi, parkların salınması və abadlıq işlərinin aparılması daşınmaz əmlak bazarında qiymətlərin mərhələli şəkildə artmasına səbəb ola bilər.

Ekspertin fikrincə, Xırdalanda qiymət artımının digər ərazilərlə müqayisədə zəif olması ucuzlaşma kimi qiymətləndirilməməlidir. O bildirib ki, elan saytlarında göstərilən qiymətlər də mənzillərin real bazar dəyərini hər zaman əks etdirmir. Bəzi hallarda mənzilin sahəsi olduğundan böyük göstərilir ki, bu da kvadratmetr üzrə qiymətin daha aşağı görünməsinə səbəb olur.

V.Oruc Xırdalanda kəskin qiymət enişinin baş vermədiyini vurğulayıb. Onun sözlərinə görə, nəqliyyat əlçatanlığının yaxşılaşdırılması, şəhərə giriş üçün alternativlərin yaradılması və tıxacların azaldılması ərazinin gələcək inkişafına müsbət təsir göstərə bilər.

Ekspert mənzil qiymətlərinin 10-15 faiz ucuzlaşması ilə bağlı iddialarla razılaşmadığını bildirib. O qeyd edib ki, hazırda daşınmaz əmlak bazarında, hətta ucqar kəndlərdə belə, ümumi ucuzlaşma tendensiyası müşahidə edilmir.

Vüqar Oruc bunu tələbatın mövcudluğu, manatın alıcılıq qabiliyyəti, iqtisadi şərtlər və makroiqtisadi amillərlə əlaqələndirib. Daşınmaz əmlakın investisiya vasitəsi kimi cəlbediciliyini qoruması da qiymətlərin yüksək səviyyədə qalmasına təsir edir.

Ekspert əlavə edib ki, torpaq qiymətlərinin və tikinti xərclərinin artması, eləcə də işçi qüvvəsinin əməyinin dəyərinin yüksəlməsi mənzil bazarında ucuzlaşma ehtimalını azaldır. Onun sözlərinə görə, tikintinin maya dəyəri artdığı halda mənzil qiymətlərinin enəcəyini gözləmək üçün əsas yoxdur.

Beləliklə, ekspertin qənaətinə görə, Xırdalanda mənzillərin kütləvi şəkildə ucuzlaşması ilə bağlı yayılan məlumatlar real vəziyyəti əks etdirmir. Ərazidə qiymətlərin gələcək dinamikası isə əsasən nəqliyyat infrastrukturunun inkişafından, tələbatdan və tikinti xərclərindən asılı olacaq.

‼️Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun

1. 397 baxış
Paylaş: