Ağar: Paşinyan müharibə vaxtı bundan şoka düşmüşdü

IMG_0897 Cəmiyyət
19:27 Expressxeberler.az

Hadrut qəsəbəsi hər bir Azərbaycan əsgərinin və hər türkün ürəyində son dərəcə xüsusi yeri və əhəmiyyəti olan bir döyüş idi. Həm çox çətin, həm də çox asan idi.

Expressxeberler.az xəbər verir ki, bu sözləri türkiyəli təhlükəsizlik eksperti Abdullah Ağar Hadrutun azad edilməsinin 6-cı ildönümü ilə bağlı danışarkən deyib.

Ekspertin sözlərinə görə, Hadrut qəsəbəsi ermənilər üçün çox əhəmiyyətli idi.

“Xüsusilə, Azərbaycan xüsusi təyinatlıları ilə erməni xüsusi təyinatlıları arasında iradə və güc üstünlüyünü ələ keçirmək uğrunda Cəbrayıl düzündə aparılan döyüşlər mühüm əhəmiyyət daşıyırdı. Döyüşlərdən sonra Cəbrayılın azad edilməsi də çox vacib idi. Maraqlıdır ki, Hadrutun azad olunması Cəbrayıldan sonra baş verdi. Normalda hər kəs Füzulinin azad olunmasını gözləyirdi. Bütün dünya miqyasında “Füzuli ələ keçirilmədi” deyərək səs-küy salanlar, Azərbaycanı lağa qoyan bəzi dövlət başçıları var idi.

Oktyabrın 7-də Hadruta daxil olundu. Hadrutla bağlı ən mühüm məqam ora daxil olarkən göstərilən qəhrəmanlıqdır. Çünki Azərbaycan xüsusi təyinatlılarının qəhrəman övladları böyük və çətin mübarizənin içində idilər. Hadrutun işğaldan azad olunması bütün Qarabağa təsir edəcək çox mühüm hadisə idi.

Hadrut qəsəbəsi coğrafi baxımdan da çətin ərazidir. Üstəlik, müharibənin şiddəti ilə yanaşı, Azərbaycan Ordusu ciddi çətinliklərlə də qarşı-qarşıya idi. Bu əməliyyat Azərbaycan Xüsusi Təyinatlı Qüvvələri tərəfindən yüksək səviyyədə planlaşdırılaraq həyata keçirildi. Hadrutdakı erməni birləşmələri ilə müqayisədə daha kiçik qüvvələrlə strateji basqın edildi və bu basqın uğurlu oldu.

O basqını həyata keçirənlərin nələr yaşadıqlarını anlamaq lazımdır. Qərargaha basqın edilir, erməni birləşmələri arasında qarışıqlıq yaranır, hər kəs bir-birinə atəş açır. Sonra qaçış başlayır və qaçarkən bir-birlərini də əzirlər. Hadrutun alınması ilə ermənilərin əlində olan kozır da əllərindən alındı. Hadrut ermənilər üçün çox önəmli idi. Çünki bura onlar üçün xüsusi bir yer idi. Hadrutun alınacağına inanmırdılar. Hətta Ermənistanın Baş naziri Nikol Paşinyan da şoka düşmüşdü.

Hadrutun azad edilməsi Şuşaya gedən yolu açdı. Hadrutdan sonra Tuğ kəndinə yol açıldı. Bu yol Şuşaya gedirdi. Bizim zəfərə gedən yolumuz əslində Hadrutdan başlamışdı. Hadrut, Tuğ, Zəfər yolu, Şuşa əməliyyatı və bayrağın mərkəzə sancılması… Bəli, Ermənistanın iradəsinin qırılması və xəyallarının puça çıxması baxımından Şuşa çox önəmlidir. Lakin Hadrutun azad olunması Şuşaya gedən yol idi. Hadrutda aparılan əməliyyat hərb tarixində nadir görülən böyük qəhrəmanlıq dastanıdır”, – deyə ekspert bildirib.

‼️Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun

136 baxış
Paylaş: