Çinli rejissor: Rusiya və Çin arasında birgə filmlərin çəkilməsi perspektivlidir
İqtisadiyyat
Çin Dünya Kinosu Öyrənmə Cəmiyyətinin sədr müavini, film prodüseri və rejissor Lyu Şuan Yekaterinburqda keçirilən Beynəlxalq Gənclər Festivalında kino sahəsində Rusiya-Çin əməkdaşlığının perspektivlərindən danışıb.
Expressxeberler.az xəbər verir ki, o, “Qlobal Lider Necə Olmalı: İdeyadan Xaricdə Tanınmağa” adlı plenar iclasda Çin bazarında uğurlu film ərsəyə gətirmək üçün Çin tərəfinin layihəyə ilkin mərhələdən cəlb edilməsinin vacibliyini bildirib.
“Çin bazarında uğurlu bir film çəkmək istəyirsinizsə, artıq ideya və ssenarinin hazırlanması mərhələsində Çin tərəfini cəlb etməlisiniz: çinli ssenaristlər, məsləhətçilər, prodüserlər”, – deyə rejissor qeyd edib.
Lyu Şuanın sözlərinə görə, Çində əsas kino auditoriyasını 17-25 yaş aralığında olan gənclər təşkil edir. Onların böyük hissəsi Amerika mədəniyyəti və yapon manqası ilə böyüyüb və rus mədəniyyəti ilə yaxından tanış deyil.
Rejissorun fikrincə, rus nağıllarının Çin tamaşaçıları üçün uyğunlaşdırılmasında da bu məqam nəzərə alınmalıdır. O, Ölümsüz Koşey və Kolobok kimi obrazların Çin tamaşaçısına izah edilməsinin əlavə səy tələb etdiyini bildirib.
Lyu Şuan əlavə edib ki, Çin tamaşaçıları elmi-fantastik janra böyük maraq göstərirlər. Onun sözlərinə görə, bu səbəbdən Rusiya və Çin arasında elmi-fantastik filmlərin birgə istehsalı perspektivli istiqamətlərdən biri ola bilər.



