DİN vəkil Orxan Kəngərli və digərlərinin həbsi ilə bağlı məlumat yaydı
Gündəm
Bakıda aptekdən narkotik tərkibli dərmanlar satılırmış – 7 nəfər saxlanıldı
Expressxeberler.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən keçirilən əməliyyat zamanı Xətai rayonunda yerləşən “Vidal” aptekdə qanunsuz dərman satışı aşkarlanıb.
Əməliyyat nəticəsində əvvəllər də eyni əməllərə görə məhkum olunmuş 44 yaşlı Xalid Mustafayev saxlanılıb. Onun özünə məxsus aptekdə narkotik asılılığı olan şəxslərə güclü təsir edən dərman preparatlarını qanunsuz satdığı müəyyən edilib.
Aptekdə aparılan axtarış zamanı İran İslam Respublikasında istehsal edilərək ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilmiş külli miqdarda “Diazepam” və “Pregabalin” (lirika) həbləri aşkarlanaraq götürülüb.
Araşdırmalar zamanı qanunsuz dövriyyəni təşkil edən digər şəxslərin də kimliyi müəyyənləşdirilib. Davam etdirilən əməliyyatlarla 38 yaşlı Orxan Kəngərli, 35 yaşlı Elşad Aslanlı, 36 yaşlı Pərviz İsmayılov, 34 yaşlı Tural Əliyev, 43 yaşlı Tural Ağayev və 35 yaşlı Murad Həsənov da saxlanılıblar. Onlardan da “Pregabalin” həbləri aşkarlanıb.
İstintaqla müəyyən edilib ki, Tural Əliyev narkotik asılılığı olan Orxan Kəngərli və digər şəxslərlə Xalid Mustafayev arasında əlaqə yaradıb. Onlar müxtəlif vaxtlarda aptekdən yalnız xüsusi resept əsasında satılmalı olan psixotrop tərkibli preparatları qanunsuz yollarla əldə ediblər.
Bəzi hallarda dərmanların pulunun Tural Əliyevin bank kartına köçürüldüyü, daha sonra isə Xalid Mustafayevə çatdırıldığı müəyyən edilib.
Həmçinin Orxan Kəngərlinin əldə etdiyi həblərin bir hissəsini şəxsi istifadəsi üçün saxladığı, digər hissəsini isə tanışları Elşad Aslanlı və Pərviz İsmayılova satdığı bildirilir. Həblərin gizlədildiyi yerlərin ünvanlarının qohumu Murad Həsənov vasitəsilə ötürüldüyü də araşdırma zamanı üzə çıxıb.
Qeyd olunan faktlarla bağlı Orxan Kəngərli və Xalid Mustafayevə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham irəli sürülüb. Məhkəmənin qərarı ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Digər şəxslərlə bağlı istintaq tədbirləri davam etdirilir.
Xatırladaq ki, Orxan Kəngərli “Alyans” Vəkil Bürosunun rəhbəridir.
Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun.
#Expressxeberler.az #Bakı #DİN #Hadisə



