Jurnalistlər üçün müsabiqə elan edildi – Sosial şəbəkə göstəriciləri də nəzərə alınacaq.

IMG_6079 Cəmiyyət
13:00

Jurnalistlər üçün müsabiqə elan edildi – Sosial şəbəkə göstəriciləri də nəzərə alınacaq.
Expressxeberler.az xəbər verir ki, Media və Yayım Şurası jurnalistlər üçün fərdi müsabiqə elan edib.

Müsabiqədə iştirak etmək istəyən jurnalistlər müraciətlərini və tələb olunan sənədləri elektron formada mib.media.gov.az portalı vasitəsilə təqdim etməlidirlər.

Müsabiqə çərçivəsində çap və onlayn media nümayəndələri son 3 ay ərzində dərc olunmuş, müəllifi olduqları bir materialı aşağıdakı nominasiyalar üzrə təqdim edə bilərlər:

  • Ən yaxşı reportaj;
  • Ən yaxşı ictimai-siyasi təhlil;
  • Ən yaxşı sosial-iqtisadi təhlil;
  • Ən yaxşı müsahibə;
  • Ən yaxşı mədəniyyət materialı;
  • Ən yaxşı publisistik məqalə (köşə yazısı);
  • Ən yaxşı jurnalist araşdırması;
  • Ən yaxşı oçerk.

Audiovizual media nümayəndələri isə son 3 ay ərzində yayımlanmış, xronometrajı 5 dəqiqədən çox olmayan bir süjeti üç nominasiya üzrə müsabiqəyə təqdim edə bilərlər:

  • Ən yaxşı ictimai-siyasi reportaj;
  • Ən yaxşı sosial-iqtisadi reportaj;
  • Ən yaxşı tematik reportaj (idman, mədəniyyət və s.).

Sosial şəbəkələrdəki aktivlik də qiymətləndiriləcək

Yeni qaydalara əsasən, jurnalistlərin fərdi rəqəmsal hesablarında paylaşdıqları materiallar da müsabiqənin qiymətləndirmə meyarlarına daxil edilib.

Belə ki, jurnalistlərin “X”, “Instagram”, “TikTok”, “Facebook”, “Telegram” və “YouTube” platformalarında yerləşdirdikləri, müsabiqəyə təqdim olunan materialla birbaşa əlaqəli paylaşımların auditoriya ilə qarşılıqlı əlaqə göstəriciləri nəzərə alınacaq.

Paylaşımların topladığı bəyənmə, şərh, təkrar paylaşım və yadda saxlanma (save) sayları hesablanacaq. Göstəricilərin süni şəkildə artırılması nəticəsində əldə olunan rəqəmlər isə qiymətləndirməyə daxil edilməyəcək.

Materialları Media və Yayım Şurasının cəlb etdiyi, müvafiq sahədə bilik və təcrübəyə malik üç müstəqil ekspert qiymətləndirəcək.

Müsabiqənin yekununda yazı nominasiyalarının hər biri üzrə 5 jurnalist, süjet nominasiyalarının hər biri üzrə isə 5 jurnalist və 5 operator qalib elan edilərək mükafatlandırılacaq.

Müraciətlərin qəbulu 27 noyabr 2026-cı il saat 18:00-da başa çatacaq.

Müsabiqənin qaydaları ilə Media və Yayım Şurasının rəsmi portalında tanış olmaq mümkündür.

#Expressxeberler.az #Jurnalistika #Media

14 baxış
Paylaş: