Ermənistanın Bərdəni raket atəşinə tutmasından 6 il ötür
Cəmiyyət
Bərdə, Gəncə və digər şəhərlərin atəşə tutulmasından 6 il ötür – acı xatirələr
Expressxeberler.az xəbər verir ki, Ermənistan silahlı qüvvələrinin 2020-ci ildə Bərdə şəhərini raket atəşinə tutmasından 6 il ötür.
2020-ci il oktyabrın 5-də Vətən müharibəsi zamanı Bərdənin mərkəzi küçələri və Mərkəzi Xəstəxananın yaxınlığı raket atəşinə məruz qalıb. Nəticədə 2 mülki şəxs həlak olub, 6 nəfər yaralanıb, şəhərin mülki infrastrukturuna ciddi ziyan dəyib.
Bərdə rayonu müharibə dövründə ümumilikdə 5 dəfə – oktyabrın 5, 8, 27, 28-də və noyabrın 7-də atəşə tutulub. Hücumlar nəticəsində rayonda 29 nəfər həlak olub, 112 nəfər yaralanıb. Həlak olanların 2-si uşaq, 8-i qadın, 19-u isə kişi olub.
Həmin gün Gəncə şəhəri də raket atəşinə tutulub. Raketlər şəhərin müxtəlif ərazilərinə, o cümlədən xəstəxana və məktəbin yaxınlığına düşüb. Nəticədə 3 mülki şəxs yaralanıb.
Vətən müharibəsi dövründə Gəncə 5 dəfə – oktyabrın 4, 5, 8, 11 və 17-də raket və ağır artilleriya atəşinə məruz qalıb. Bu hücumlar nəticəsində 26 nəfər həlak olub, 175 nəfər yaralanıb.
Oktyabrın 5-də Beyləqan şəhərinə də iki raket atılıb. Mərmilərdən biri uşaq bağçasının həyətinə, digəri isə şəhərdəki boş əraziyə düşüb. Həmin gün Goranboy, Göygöl və Tərtər rayonları da atəşə tutulub.
Ümumilikdə Vətən müharibəsi zamanı Azərbaycanın müxtəlif şəhər və rayonlarının atəşə tutulması nəticəsində 93 mülki şəxs həlak olub, 454 nəfər yaralanıb. Həlak olanlar arasında 12 uşaq və 27 qadın da olub.
Həmçinin 12 292 yaşayış və qeyri-yaşayış sahəsinə, 288 nəqliyyat vasitəsinə ziyan dəyib.
Azərbaycan tərəfi bu hücumlarla bağlı cinayət işlərinin başlandığını bildirib.
Bu hadisələr Vətən müharibəsi illərində dinc əhalinin üzləşdiyi ağır günlərin acı xatirəsi kimi tarixdə qalıb.
Expressxeberler.az



