Şahbuzda aqrar sahənin inkişafı ilə bağlı sahibkarlarla görüş keçirilib
İqtisadiyyat
Şahbuz rayonunda kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafı ilə bağlı görüş keçirilib.
Expressxeberler.az xəbər verir ki, görüş Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 25 may tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın icrası çərçivəsində təşkil olunub.
Şahbuz Rayon İcra Hakimiyyətinin inzibati binasında keçirilən görüşdə icra hakimiyyətinin, Prezident Administrasiyasının, Kənd Təsərrüfatı Nazirliyinin məsul şəxsləri, rayon qərargahının üzvləri və zona müşavirəsində təşəbbüslər səsləndirmiş sahibkarlar iştirak ediblər.
Görüşdə Dövlət Proqramında qarşıya qoyulan vəzifələrin Şahbuz rayonunda icrası, rayonun aqrar potensialının genişləndirilməsi, müasir və intensiv kənd təsərrüfatı texnologiyalarının tətbiqi, istehsal həcminin və məhsuldarlığın artırılması məsələləri müzakirə olunub.
Həmçinin aqrar sahədə fəaliyyət göstərən sahibkarların qarşılaşdıqları problemlər və onların həlli yolları barədə fikir mübadiləsi aparılıb.
Daha sonra təsərrüfat subyektlərində görülən işlərlə yerində tanışlıq keçirilib. Quşçuluq məhsullarının istehsalı sahələrinə baxış zamanı təsərrüfat sahiblərinin problemləri dinlənilib.
Sahibkarlara Dövlət Proqramının məqsəd və vəzifələri, aqrar sahənin inkişafı istiqamətində nəzərdə tutulan tədbirlər, subsidiya mexanizmləri və dövlət dəstəyi imkanları barədə məlumat verilib.
Təsərrüfat sahiblərinə istehsal həcminin və məhsuldarlığın artırılması, müasir aqrotexniki yanaşmaların tətbiqi, istehsal proseslərinin təkmilləşdirilməsi və yeni istehsal sahələrinin yaradılması ilə bağlı tövsiyələr verilib.



