Ölsəniz belə, sülh olacaq – Ararat Mirzoyan

IMG_5977 Cəmiyyət
05:44

Mirzoyandan Ermənistanda sülhlə bağlı sərt açıqlama: “Ölsəniz belə, sülh olacaq”

Expressxeberler.az xəbər verir ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Azərbaycanla sülh prosesinin davam etdiyini və yekun sənədin imzalanması istiqamətində addımların atılmalı olduğunu bildirib.

O, bu barədə parlamentdə müxalif “Güclü Ermənistan” fraksiyasının deputatı Suzanna Avetisyanın Bakıda saxlanılan erməni əsilli separatçıların geri qaytarılması ilə bağlı sualını cavablandırarkən danışıb.

Mirzoyan qeyd edib ki, Azərbaycanla sülh sənədi, bəyanatlar və paraflanmış yekun razılaşma mövcuddur. Onun sözlərinə görə, hazırda tranzit, ikitərəfli ticarət və sülhün möhkəmləndirilməsinə xidmət edən digər əlaqələr də var.

Nazir vurğulayıb ki, münaqişənin tam başa çatması üçün yekun imzalanma və sülhün institusional şəkildə möhkəmləndirilməsi vacibdir.

Bakıda saxlanılan şəxslərin məsələsinə toxunan Mirzoyan bildirib ki, bu məsələ sülhə töhfə vermir. Bununla belə, həmin məsələ həll olunana qədər sülh müqaviləsinin imzalanmasından imtina etməyin tərəfləri yekun razılaşmaya yaxınlaşdırmayacağını deyib.

Ermənistanın yeni konstitusiya qəbul etməsi məsələsinə də münasibət bildirən nazir ölkəsinin qarşısında belə bir tələbin qoyulmadığını qeyd edib.

Deputat Suzanna Avetisyan isə Mirzoyana müharibə qurbanlarının yaxınları ilə görüşməyi və onlardan sülhün olub-olmadığını soruşmağı məsləhət görüb.

Mirzoyan cavabında onu minlərlə hərbçinin ailə üzvləri və Tavuş bölgəsinin sərhədyanı kəndlərinin sakinləri ilə görüşməyə çağırıb. O, sülh məsələsinin siyasi manipulyasiya predmetinə çevrilməsini tənqid edib.

Nazir çıxışının sonunda sərt ifadələr işlədərək bildirib:

“Bəsdir, sülh olacaq. Ölsəniz belə, sülh olacaq”.

Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun.

#Expressxeberler.az #Ermənistan #Azərbaycan #Sülh

Kateqoriya: Siyasət

38 baxış
Paylaş: