Cinlər sionist rejimin xidmətində – ŞOK İDDİA
Gündəm
İranlı din xadiminin “casus cinlər” açıqlaması gündəm oldu
Expressxeberler.az xəbər verir ki, İranlı din xadimi Əli Rza Pənahiyanın İsrailin İran rəsmilərinin yerini müəyyənləşdirmək üçün cinlərdən, fövqəlbəşər məxluqlardan, eləcə də fal və rəmldən istifadə etməsi ilə bağlı açıqlaması müzakirələrə səbəb olub.
Adamın sözünü nahaq yerə qəribçiliyə salırlar. O boyda din xadimidir, bir şey bilməsə, deməz. Əgər deyirsə ki, İsrail İran rəsmilərinin yerini müəyyənləşdirmək üçün cinlərdən və digər fövqəlbəşər məxluqlardan, eləcə də faldan, rəmldən istifadə edir, deməli, elədir ki, var.
Mən özüm şəxsən fövqəlbəşər məxluqların mövcudluğuna inanmıram, çünki görməmişəm. Amma barələrində çox eşitmişəm. Xüsusilə uşaq vaxtı belə nağılları eşidəndə qorxurdum. Böyüklər çox inandırıcı danışırdılar. Hətta konkret adamın adını çəkirdilər ki, bir nəfər cini sancaq vasitəsilə tutub, qapısında nökər kimi işlədirmiş.
Düzdür, cini işləyən yerdə – məsələn, tövlə kürüdüyünü, odun yardığını, qışın ortasında özü boşalmayan maşından kömür boşaltdığını görən olmamışdı. Amma inanırdılar ki, belə bir haqq-hesab var. Cin yiyəsi də bunu boynuna almırdı.
Bir də kəndimizdə Cin Həsən adlı traktorçu vardı. Adama ona görə belə deyirdilər ki, cin kimi işləyirdi, bir də çox tez cinlənirdi.
Son illərdə isə cin söhbətləri xeyli artıb. İçinə cin girmiş adamlar da çoxalıb, cinli adamların içindən cini çubuqla, dəyənəklə çıxaran loğmanlar da. Bəzən cin dirəşir, çıxmaq istəmir deyə, məcbur olub adamı döyə-döyə öldürürlər. Vaxtilə Şabran rayonunda belə bir hadisə olmuşdu. Axırda cinlə düzgün profilaktik iş apara bilməyən loğmanları həbs etdilər.
Ona görə də arada quşqulanıram: bəlkə mən cinlərin mövcudluğuna dair əlavə və mötəbər sübutlar axtarmaqla düz eləmirəm?
Əgər regionda milyonlarla adam şeytana, iblisə, cinə, hala, qulyabanıya, nə bilim, Skandinaviya trollarına, elflərə və digər gözəgörünməz varlıqlara inanırsa, deməli, bir əsasları var. Adama deyərlər, sən inanmırsan, inanma, amma camaatın inancına da qarışma, qoy inansınlar.
Yəqin ki, iranlı din xadimi Əli Rza Pənahiyan 4-5 gün əvvəl Məşhəddə İmam Rza ziyarətgahında çıxış edərkən İsrailin casus cinlərdən istifadə etməsini əbəs yerə deməyib. Öz dediyinə görə, ona bu barədə etibarlı mənbələrdən məlumat verilib.
Elə olar. Cinlərlə bağlı məlumatlar məxfi olur, hər adama vermirlər.
İndi maraqlıdır, İranın yüksək mənsəbli məmurlarının yerini müəyyənləşdirərək İsrailə tuşlayan, Bakı dilində desək, “navodka” verən cinlər yerli cinlərdir, yoxsa İsrail bu cinləri paraşütlə İran tərəfə atıb? Pənahiyan bu barədə də açıqlama versə, aydınlıq hasil olardı.
Bir də cinlərlə mübarizə üsulu barədə düşünmək lazımdır. Hiss olunur ki, bu cür yüksək ixtisaslı cinlərə qarşı nar çubuğu ilə mübarizə aparmaq effektsiz olar. Bütünü qayırıb daşlamaqla da nəsə etmək mümkündür. Budur, neçə əsrdir Səudiyyədə cinin böyük qardaşı şeytana qarşı elə edirlər. Düzdür, ildə bir neçə milyon ziyarətçinin atdığı daşlardan şeytana heç nə olmur, əvəzində yerli bələdiyyə hər mövsüm 10-15 milyon dollar qazanır.
O baxımdan Məşhəddə və ya Qumda cin bütü qayırıb daşlatdırmaq ziyan eləməz. Həm cin ümumxalq nifrəti qazandığını görərək utanıb xəcalət çəkər, həm də şəhərin büdcəsi cinə inanan region əhlinin ziyarət yerinə çevrilməsi hesabına dolar.
Başqa bir yol da var: Yaponiyadan robot-cinlər almaq. Əgər hazırı yoxdursa, Çinə sifariş etmək olar. Necə olsa, 2-3 günə hazırlayıb göndərəcəklər.
Yadınızdadırsa, keçən il iranlı din və dövlət xadimləri deyirdilər ki, İsrail və BƏƏ İran üçün nəzərdə tutulmuş buludları oğurlayır. Çox adam inanmırdı, axırda hamı inandı. Sadəcə, oğurluğun mexanizmi aydın deyildi. İndi isə ipucu var. Bu, cinlərin işi olacaq.
Əslində, cin mövzusu İran üçün yeni söhbət deyil. Xatırlayırsınızsa, Xamneyigilin kəndçisi Mirzə Fətəli Axundov hələ 170 il əvvəl eloğlusu dərviş Məstəlinin gəlib Qarabağda oturaraq cinlərin vasitəsilə Parisi dağıtdığını yazmışdı. O cinlərin adları istintaq orqanlarına məlum idi: Səlixa, Məlixa və Bəlixa.
Görünür, indi sionist rejimə işləyən cinlər həmin o Səlixaların, Məlixaların zürriyyətləridir. Başqa nə ola bilər?
Dünya köhnə dünyadır, cinləri, şeytanları təzədir.
#İran #İsrail #Cinlər #Expressxeberler.az



