Bankda dollar dəyişənlərin DİQQƏTİNƏ-VACİB XƏBƏR
Cəmiyyət
Expressxeberler.az xəbər verir ki, banklarda nağd xarici valyuta alıb-satarkən müəyyən məbləğ hədləri keçildikdə müştərilərdən şəxsiyyətini təsdiq edən sənəd tələb olunur. Bu qaydalar xüsusilə dollar alıb-satan və iri məbləğdə valyuta mübadiləsi aparan şəxslər üçün vacibdir.
Qaydalara əsasən, bank müştəriyə 500 ABŞ dolları ekvivalentindən artıq nağd xarici valyuta satdıqda, eləcə də müştəridən 10 000 ABŞ dolları ekvivalentindən artıq valyuta aldıqda şəxsiyyətin təsdiqi tələb edilir.
Banklarda müştərilər xarici valyutanı manata dəyişə, manatla xarici valyuta ala, bir ölkənin valyutasını digər ölkənin valyutasına dəyişə, həmçinin eyni valyutanın müxtəlif nominalda olan əskinaslarını bir-biri ilə əvəz edə bilərlər.
Bundan başqa, banklar iri məbləğli əməliyyatlar aparan müştərilərlə bağlı əlavə nəzarət tədbirləri görməlidirlər. Son bir il ərzində 20 000 manatdan və ya ekvivalent məbləğdən artıq əməliyyat aparan fiziki şəxslərlə bağlı gücləndirilmiş müştəri uyğunluğu tədbirlərinin tətbiqinə dair daxili qayda və prosedurlar mövcud olmalıdır.
Qaydalara görə, valyuta çatışmazlığı halları istisna olmaqla, banklarda yalnız valyuta alışının və ya yalnız satışının həyata keçirilməsinə yol verilmir. Yəni müvafiq valyuta mövcud olduğu halda bank həm alış, həm də satış əməliyyatlarını həyata keçirməlidir.
Hər bir valyuta mübadiləsi əməliyyatından sonra müştəriyə bank çıxarışı verilməlidir. Çıxarışda əməliyyatın tarixi və vaxtı, tətbiq edilən məzənnə, alınan və satılan valyutanın məbləği, varsa komisyon haqqı və digər zəruri məlumatlar göstərilməlidir.
Müəyyən edilmiş məbləğ hədləri nəzərə alınmaqla, sənəddə müştərinin şəxsiyyət məlumatları və FİN-i də əks olunmalıdır. FİN olmadıqda şəxsiyyəti təsdiq edən sənədin nömrəsi qeyd edilir.
Banklar, həmçinin valyuta alış və satış məzənnələrini, xidmət haqlarını və əməliyyatların aparıldığı iş vaxtını müştərilərin görə biləcəyi yerdə göstərməlidirlər.
Beləliklə, bankda valyuta dəyişərkən yalnız məzənnəyə deyil, şəxsiyyətin təsdiqi ilə bağlı tələblərə və tətbiq edilən komisyon haqlara da diqqət yetirmək lazımdır.
Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun.
#Bank #Dollar #Valyuta #BankQaydaları #İqtisadiyyat #Expressxeberler #Expressxeberler.az



