Mehriban Əliyeva qızları və gəlini ilə tamaşa izlədi – Fotolar
Mədəniyyət
Expressxeberler.az xəbər verir ki, noyabrın 1-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Bakı Beynəlxalq İncəsənət Festivalı (BIAF-2026) çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və ailə üzvləri də tamaşanı izləyiblər.
Səudiyyə Ərəbistanının Əl-Ula şəhərində yerləşən “Wadi AlFann” beynəlxalq mədəniyyət məkanının sifarişi ilə hazırlanan səhnə əsəri tanınmış rejissor və xoreoqraf Əkrəm Xanın son yaradıcılıq işidir.
Müasir rəqs və klassik hind rəqsinin elementlərini birləşdirən tamaşa Əkrəm Xanın vizual rejissor Mənal Əl-Dovayanla əməkdaşlığı çərçivəsində ərsəyə gəlib.
Səhnə əsərində qadınlar bir gecəlik bir araya gələrək özlərindən əvvəl yaşamış insanların ruhlarını oyatmağa çalışırlar. Müqəddəs mərasimlər və ortaq xatirələr vasitəsilə keçmişlə bu gün arasında mənəvi bağ yaradılır.
Tamaşanın musiqisi hindəsilli amerikalı müğənni və bəstəkar Aditya Prakaş tərəfindən bəstələnib. Vizual tərtibat isə “Wadi AlFann”ın rəssamı Mənal Əl-Dovayan tərəfindən hazırlanıb.
“Zikra” layihəsində ənənəvi sənətkarlıq nümunələri müasir incəsənət formaları ilə birləşdirilib. Təbii boyalar səhranın rənglərini əks etdirir, Əl-Ulanın mədəni irsindən qaynaqlanan həndəsi naxışlar isə obrazların simvolik mənasını ön plana çıxarır.
Qeyd edək ki, Əl-Ulanın qədim miflərindən və möhtəşəm təbiətindən ilhamlanan tamaşanın dünya premyerası 2025-ci ilin yanvarında keçirilib.

Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun.
#MehribanƏliyeva #BIAF2026 #Mədəniyyət #Expressxeberler #Expressxeberler.az



