Masaj salonunun sahibəsindən 30 min manat tələb edən saxta “əməkdaş”a HÖKM OXUNDU
Gündəm
Expressxeberler.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində vətəndaşa qarşı hədə-qorxu gəlməkdə və dələduzluqda təqsirləndirilən Səid Rüstəmzadənin cinayət işi üzrə hökm elan olunub.
Hakim Hafiz Kamranovun sədrliyi ilə keçirilən prosesdə Səid Rüstəmzadə 2 il sınaq müddəti olmaqla şərti 5 il azadlıqdan məhrum edilib.
Dövlət ittihamçısı onun 7 il müddətinə azadlıqdan məhrum edilməsini tələb etmişdi.
İstintaq materiallarına əsasən, Bakının Nəsimi rayonunda yerləşən masaj salonunun sahibi Gülnarə İsayeva özünü hüquq-mühafizə orqanlarının əməkdaşı kimi təqdim edən Səid Rüstəmzadə tərəfindən şantaj edildiyini bildirib.
Səid Rüstəmzadə özünü İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin nümayəndəsi kimi təqdim edərək, salon sahibəsinə bundan sonra yalnız onun “nəzarəti” altında fəaliyyət göstərə biləcəyini deyib.
Gülnarə İsayeva ilk görüşdə ona 3 min manat verib və aylıq ödəniş etməyə razılaşıb. Təqsirləndirilən şəxsin ümumilikdə 30 min manat “himayədarlıq haqqı” tələb etdiyi bildirilir.
Bir müddət sonra Səid Rüstəmzadənin heç bir dövlət qurumunda işləmədiyi məlum olub. Şikayət əsasında o, hədə-qorxu ilə tələb etmə ittihamı ilə həbs edilib.
Ona qarşı Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsi ilə ittiham irəli sürülüb.
Hər gün Expressxeberler.az saytına daxil olaraq ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun.
#Bakı #Məhkəmə #Cinayət #Expressxeberler #Expressxeberler.az



