İrəvandan Moskvaya “sadiqlik” mesajı: Ermənistan Avrasiya İttifaqından çıxmayacaq
Dünya
Ermənistan Aİİ-dən çıxaraq Avropa İttifaqına qoşulmaq istəmir
Expressxeberler.az xəbər verir ki, Ermənistan Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzvlüyünü Avropa İttifaqına (Aİ) üzvlüklə əvəz etmək niyyətində deyil.
Bu barədə Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan parlamentdə jurnalistlərə açıqlamasında bildirib.
Nazir İrəvanın bu iki iqtisadi bloku bir-birinə qarşı qoymadığını vurğulayıb. Onun sözlərinə görə, Ermənistanın əsas məqsədi 2027-ci ildə həm Aİİ və Aİ bazarlarına, həm də Çin, ABŞ, Hindistan və Yaxın Şərq ölkələrinə ixracı artırmaqdır.
“Biz heç vaxt məsələni bu istiqamətləri qarşı-qarşıya qoymaq şəklində gündəmə gətirməmişik. Kim deyib ki, Aİİ-ni Avropa İttifaqı ilə əvəz etmək istəyirik? Biz bu ölkələrə daha çox məhsul satmaq istəyirik”, – deyə Papoyan bildirib.
O, həmçinin Ermənistanın Rusiya ilə iqtisadi və siyasi münasibətləri ən yüksək səviyyədə saxlamaq üçün maksimum səy göstərdiyini qeyd edib.
Xatırladaq ki, bundan əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin 2027–2028-ci illərdə Avropa İttifaqına üzvlüklə bağlı rəsmi müraciət edə biləcəyini istisna etməmişdi. Moskva isə gömrük və ticarət qaydalarındakı fərqlərə görə eyni vaxtda hər iki ittifaqda təmsil olunmağın mümkün olmadığını bildirərək İrəvanı seçim qarşısında qala biləcəyi barədə xəbərdar etmişdi.
Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun.
#Expressxeberler.az #Expressxeberler
Kateqoriya: Dünya



