Müharibə Rusiyanın özünü vurur – Ölən dinc sakinlərin sayı ikiqat artdı
Gündəm
Ukraynanın zərbələri Rusiyada rekord sayda mülki şəxsin ölümünə səbəb oldu
Expressxeberler.az xəbər verir ki, Ukraynanın Rusiyaya endirdiyi dron və raket zərbələri nəticəsində həlak olan mülki şəxslərin sayı rekord həddə çatıb. Artıq cəbhədən minlərlə kilometr uzaqda yerləşən Rusiya şəhərləri də hücumların hədəfinə çevrilir.
Bloomberg Economics-in hesablamalarına görə, 2026-cı ilin əvvəlindən Rusiyanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində Ukraynanın hava zərbələri nəticəsində azı 487 mülki şəxs həyatını itirib. Bu göstərici 2025-ci ilin bütün dövrü ilə müqayisədə təxminən iki dəfə çoxdur.
Məlumata görə, bu il ölənlərin 380-i Ukrayna ilə həmsərhəd və cəbhəyə yaxın bölgələrdə, 107-si isə Rusiyanın digər regionlarında qeydə alınıb.
Ən ağır hücumlardan biri avqustun 10-da Ukrayna sərhədindən 1200 kilometrdən çox məsafədə yerləşən Nijnekamsk şəhərində baş verib. Nəticədə 13 nəfər ölüb, 78 nəfər tibbi yardıma müraciət edib.
İyul ayında Tambov vilayətinin Kotovsk şəhərində “Wildberries” şirkətinin anbarına endirilən zərbə nəticəsində isə 7 nəfər həlak olub, 25 nəfər yaralanıb.
Bloomberg Economics analitiki Aleks Kokçarovun sözlərinə görə, müharibə Rusiyanın ərazisinə getdikcə daha dərindən nüfuz edir və mülki əhali üçün daha ölümcül xarakter alır.
Nəşr həmçinin qeyd edir ki, Rusiya hakimiyyəti Ukrayna hücumlarının nəticələri ilə bağlı məlumatların yayılmasını məhdudlaşdırmağa çalışır. 2026-cı ilin sentyabrına qədər ölkənin 89 regionundan ən azı 82-də dron hücumlarının görüntülərinin və dağıntılar barədə məlumatların paylaşılmasına qadağalar tətbiq edilib.
Ukrayna dronlarının zərbə məsafəsinin 3000 kilometrə qədər genişlənməsi Rusiyanın əvvəllər təhlükəsiz hesab edilən şəhər və sənaye mərkəzlərini də potensial hədəfə çevirib.
Qeyd edək ki, Rusiyada mülki itkilərin sayı Ukraynadakı itkilərlə müqayisədə hələ də xeyli aşağıdır.
Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun.
#Rusiya #Ukrayna #Müharibə #DronHücumları #Expressxeberler.az



