Gümrü rus əsgərlərinin şəhəridir!” – 102-ci baza ətrafında qalmaqal
Gündəm
Rusiyanın Gümrüdəki hərbi bazasının taleyi gündəmə gəldi – Ermənistan bundan SÖVDƏLƏŞMƏDƏ istifadə edə bilər!
Expressxeberler.az xəbər verir ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Ermənistanı səsvermə hüququndan məhrum etdikdən sonra Rusiyanın Gümrüdə yerləşən 102-ci hərbi bazasının gələcəyi diqqət mərkəzinə düşüb.
“Nezavisimaya qazeta” yazır ki, İrəvan gələcəkdə bu bazadan Rusiya ilə danışıqlarda, məsələn, qazın qiymətinin aşağı salınması məsələsində istifadə edə bilər.
Son günlər Gümrüdə rusiyalı hərbçilərlə bağlı yayılan zorakılıq görüntüləri Ermənistanda ciddi narazılıq yaradıb. İnternetdə yayılan videoda hərbi geyimli şəxsin gəncə qarşı fiziki zorakılıq göstərdiyi və “Gümrü bizim şəhərimizdir, rus əsgərlərinin şəhəridir” dediyi eşidilir.
Bundan başqa, oktyabr ayında Gümrüdə Ukrayna vətəndaşı Dmitri Samuelyenkoya qarşı hücumla bağlı da araşdırma aparılır. Məlumata görə, hadisədə şübhəli bilinən iki nəfər 102-ci Rusiya hərbi bazasının qulluqçularıdır. Onlar həbs edilərək Ermənistanın penitensiar müəssisəsində saxlanılır.
Gümrüdəki hərbi baza uzun illərdir Ermənistan cəmiyyətində təhlükəsizlik və xarici hərbi qüvvələrin məsuliyyəti ilə bağlı mübahisələrə səbəb olur.
Bazanın adı 2015-ci ilin yanvarında baş verən dəhşətli cinayətlə də yadda qalıb. Rusiyalı hərbçi Valeri Permyakov Avetisyanlar ailəsinin yeddi üzvünü, o cümlədən iki uşağı qətlə yetirmişdi. Hadisə Ermənistanda kütləvi etirazlara səbəb olmuşdu.
Permyakov Ermənistan məhkəməsi tərəfindən ömürlük həbsə məhkum edilsə də, sonradan cəzasını çəkmək üçün Rusiyaya təhvil verilib.
Bu hərbi obyektin taleyi təkcə Ermənistan-Rusiya münasibətlərinə deyil, bütövlükdə regiondakı güc balansına təsir edə bilər.
#Ermənistan #Rusiya #Gümrü #Geosiyasət #Expressxeberler.az



